Kral Niderland Futbol Assosiasiyası (KNVB) FİFA prezidenti Canni İnfantinonun rəhbərliyinə etimadını itirdiyini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, assosiasiya bəyanatında 2027-ci ildən etibarən FİFA-da yeni rəhbərliyə və idarəetmə sistemində dəyişikliklərə ehtiyac olduğunu bildirib:
“FİFA-nın gələcəyi onun prezidentindən daha böyük olmalıdır. KNVB artıq Canni İnfantinonun rəhbərliyinə etibar etmir.
Amma məsələ yalnız bir nəfərdən getmir. FİFA özü dəyişməlidir. Daha güclü idarəetmə, daha böyük sosial məsuliyyət və dünya miqyasında futbola daha çox investisiya”.
Qurum həmçinin, FİFA-nın 211 üzv assosiasiyası və konfederasiyasını təşkilatın gələcəyini birlikdə formalaşdırmağa çağırıb. KNVB gələcəkdə FİFA ilə bağlı beynəlxalq futbol sammitinin Amsterdamda keçirilməsini də təklif edib.
Daha əvvəl Canni İnfantinonun FİFA-nın əsas turnirlərinə nəzarəti gücləndirmək məqsədilə “FIFA Forward Enterprise” adlı şirkət yaratmaq təşəbbüsü ciddi tənqidlə qarşılanmışdı.
FİFA-nın hesablamalarına görə, layihə quruma təxminən 4,2 milyard dollar gəlir gətirə və üzv assosiasiyaların qazancını artıra bilərdi.
Ancaq UEFA, KONKAKAF, AFC və KONMEBOL (hər dörd qitə konfederasiyaları) layihəni dəstəkləməkdən imtina edib. UEFA isə təşəbbüsdən rəsmi şəkildə imtina edilməyənədək FİFA-nın turnirlərini boykot edəcəyini açıqlayıb.
