COP29

Azərbaycan klublarını tərk edəndən sonra “küçədə qalanlar” - FOTOLAR

12 Sentyabr 01:20 Araşdırma 577
Azərbaycan klublarını tərk edəndən sonra  “küçədə qalanlar” - FOTOLAR

Azərbaycan klublarının yayda yollarını ayırdığı legionerlərin sayı az olmadı.

Ölkəmizi öz istəyi ilə tərk edənlər də oldu, klubun qərarı ilə göndərilənlər də.

Ayrılanlar arasında özünə dərhal komanda tapanlar da var. Lakin elə futbolçular var ki, onlar Premyer Liqamızı tərk etsə də, hələ də özünə komanda tapa bilməyib.

Sportinfo.az sportal.az-a istinadən bu yay Azərbaycandan ayrılan və hazırda klubsuz qalan oyunçuların siyahısını təqdim edir.

Vladislav Kulaç

Ukraynalı “Zirə”dən göndərildikdən sonra Ermənistana yollanaraq “Pünik”lə müqavilə imzaladı. Tez-tez zədələndiyi üçün “Zirə”yə daimi kömək edə bilməyən ukraynalı hazırda klubsuzdur. Çünki Ermənistan klubu Kulaçın tez-tez zədələnməsinə çox da səbir göstərmədi və müqavilə imzalandıqdan bir ay sonra onu komandadan göndərdi.

Sezar Meza Kolli

Bu futbolçunun bir ara Azərbaycan millisində oynayacağı da gözlənilirdi. Çünki uzun illər ölkəmizdə qalmışdı. “İnter”(indiki “Şamaxı”), “Zirə”, “Neftçi” klublarında oynamış paraqvaylı 2024/2025 mövsümünü “Zirə”də başa vurdu. Onun “Araz-Naxçıvan”a keçidi gündəmdə olsa da, hələ də klubsuzdur.

Kristian Sebalyos

Qətərin “Qətər” klubundan ayrıldıqdan sonra 2021-ci il avqustun 9-da “Sabah”la müqavilə imzalayan Kristian Sebalyos da bu yay komandadan göndərilənlər siyahısında oldu. İspaniyalı “Sabah”da olduğu müddətdə daha çox zədələrlə mübarizə apardı. “Barselona”nın yetirməsinin karyerasını istənilən səviyyədə qura bilməməsinin əsl səbəbi də elə öncədən zədələr göstərilirdi. “Sabah” ispaniyalının sağalmasını gözləmədi və onunla müqavilə müddəti artırılmadı.

Emmanuel Apeh

"Sabah"dan bu yay göndərilənlər siyahısında Emmanuel Apehin də adı var. Bu komandaya böyük ümidlərlə transfer edilsə də, böyük işlər görə bilməyən nigeriyalı nəhayət ki, bu yay komandadan göndərildi. “Selta”, “Tenerife”, “Alkorkon” kimi klublarında çıxış etmiş Apeh də klubsuzlar arasındadır.

İshak Belfodil

Karyerasının zənginliyinə görə Azərbaycana gəlmiş-keçmiş ən diqqətçəkən futbolçulardan biri İshak Belfodil oldu. Lakin əlcəzairli futbolçu “Sabah”da heç cürə karyerasının əvvəlki illərindəki kimi oynaya bilmədi. “Lion”, “Bolonya”, “Parma”, “Livorno”, “İnter”, “Standart”(Liej), “Verder”(Bremen), “Hoffenhaym”, “Herta” klublarında oynamış forvard mövsümü başa çatan kimi komandadan göndərildi. Təcrübəli forvard hələ də, klubsuzdur.

Abu Dosso

2024/2025 mövsümündə “Sumqayıt”ın aparıcı futbolçusu olmuş Abu Dosso mövsüm başa çatan kimi komandadan göndərildi. 28 yaşlı Fil Dişi Sahilindən olan müdafiəçi özünə komanda tapa bilməyib.

Ata Caber

Bu yay “Neftçi”dən göndərilən futbolçular arasında yalnız Ata Caberdir ki, özünə hələ də komanda tapa bilməyib. Fələstin millisinin 29 yaşlı futbolçusunun karyerasına harada davam edəcəyi hələ ki, bəlli deyil.

Paçu Lira

Kurban Berdıyevin gəlişindən sonra “Turan Tovuz”dan göndərilən Paçu Liranın bir ara “Kəpəz” və ya “Zirə”yə keçə biləcəyi deyilirdi. Lakin bu klublardan heç biri brazilyalıya maraq göstərmədi. 28 yaşlı braziliyalı hazırda özünə komanda axtarır.

Ayub Masika

"Səbail"dən göndərilmiş kenyalı özünə komanda tapa bilməyib. 31 yaşlı futbolçu “Genk”, “Ridinq”, “Vissel Kobe”, “Buriram Yunayted”, “Nanjin” kimi klublarda oynadıqdan sonra “Səbail”ə gəlmişdi. Amma klub 2024/2025 sezonu bitdikdən sonra Azərbaycanı tərk etdi. Yeni sezon başlasa da, Masika özünə iş yeri tapmayıb.

İsmail Azzaui

"Araz-Naxçıvan"a böyük ümidlərlə gətirilsə də, zədə səbəbindən çox da komandasına kömək edə bilməyən Mərakeşəsilli belçikalı ölkəmizi tərk etdi. “Volfsburq”, “Villem II”, “Herakles” kimi komandalarda oynamış 26 yarımmüdafiəçi klubsuzdur.


Aksel Nqando

“Araz-Naxçıvan”ın ötən mövsümkü uğursuz transferlərindən biri də Aksel Nqando oldu. Komandaya böyük ümidlərlə gətirilsə də, əsas heyət üzvünə çevrilə bilməyən fransalı 2024/2025 sezonunun sonunda göndərildi. Halbuki o, ölkəmiz gələnə qədər “Renn”, “Oser”, “Bastiya”, “Anje”, “Göztəpə”, “Qrenobl” kimi komandalarda oynamışdı.


Adama Niane

Ötən mövsüm “Kəpəz”də özünü yaxşı tərəfdən göstərmiş forvard komandada qalmamışdı. Gəncə təmsilçisi Mali yığmasının keçmiş hücumçusuna yeni müqavilə təklif etməmiş və yollar ayrılmışdı. Hələ ki, 31 yaşlı futbolçunun “Nant”, “Trua”, “Şarlerua”, “Soşo” klublarında oynaması da yeni komanda tapmasına kömək etmir.

Digər Xəbərlər
Xəbər Lenti