“Kəpəz”dən ayrılandan sonra klubsuz qalan Amil Yunanovun işsiz günləri davam edir.
Buna baxmayaraq, 31 yaşlı futbolçu internet qaynaqlarında “Səbail”in futbolçusu kimi göstərilib.
Ünlü “transfermarkt” və “soccerway” saytları təcrübəli hücumçunun məhz bu kluba məxsus olduğunu qeyd edib.
İlk baxışdan Amilin “dənizçilər”lə müqavilə müddətinin davam etdiyini düşünmək olar. Digər versiya Yunanovun “Səbail”lə yeni sözləşməyə imza atdığını düşünməyə əsas verir.
Ən son dəqiq məlumatları öyrəndiyimiz iki saytın bu cür davranması boşuna ola bilməz.
Sportinfo.az-a açıqlama verən sabiq yığma üzvü yaranmış vəziyyətdən məlumatsız olduğunu bildirib:
“Səbail”lə anlaşmamın müddəti bu ilin yayına qədər idi. İcarə əsasında mövsümün ikinci yarısını “Kəpəz”də oynanışdım. Artıq müqavilə müddəti başa çatıb və hazırda azad agent statusu daşıyıram.
Saytlarda niyə o cür yazılması mənə də qaranlıqdır. Açığı, xəbərim yoxdur”.
2011-ci ildən Premyer Liqada çıxış edən Yunanov elitada meydana çıxdığı 200 oyunda 52 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB