Ayxan Abbasov bu işi yaxşı bacarır – “Kəpəz”i qorxudacaq FAKT

20 Dekabr 2022 10:40 Araşdırma 664
Ayxan Abbasov bu işi yaxşı bacarır – “Kəpəz”i qorxudacaq FAKT

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində maraqla gözlənilən qarşılaşmalardan biri Tovuzda baş tutacaq. “Turan Tovuz” burada “Kəpəz”i qəbul edəcək.

Şanslı görünən tərəf meydan sahibləridir. Çünki Tovuz təmsilçisi ilk matçda əzəli rəqibini səfərdə məğlub edib – 2:1.

Amma bu hesabdan çox qonaqların qorxmalı olduğu başqa reallıq var.

Söhbət rəqib komandanın çalışdırıcısı Ayxan Abbasovun kubok yarışlarındakı iddilı çıxışıdır.

Onun çalışdırdığı komandalarla bəzən “Qarabağ” və “Neftçi” kimi güclü rəqiblər də bu turnirdə bacarmayıb.

Təcrübəli mütəxəssisin sonuncu dəfə bu yarışda ikili oyunlardakı məğlubiyyəti 2017-ci ilə təsadüf edir. Onda “Zirə”ni çalışdıran Abbasov ¼ final mərhələsində qarşılaşdığı “Neftçi”yə səfərdə məğlub olub – 0:2. Evdə qazanılan qələbə (1:0) mərhələ keçməyə yetərli olmayıb.

2018/19 mövsümündə “Sumqayıt”ın baş məşqçisi kimi final oynayıb və yalnız son görüşdə “Qəbələ”yə 0:1 uduzaraq titul qazanmaqdan məhrum olub.

2019/20 mövsümündə iddialı “Neftçi”yə ¼ final mərhələsində Ayxan Abbasovun çalışdırdığı “Sumqayıt” “dur” deyib. Amma hamımıza məlum pandemiya səbəbindən mövsümün yarımçıq dayandırılması “kimyaçılar”ın da yarımfinal oynamaq arzusunu puç edib.

“Pro” kateqoriyalı çalışdırıcı növbəti sezonda da kubok yarışında öz möhrün vura bilib.

Belə ki, yarımfinalda güclü “Qarabağ”ı yolundan kənarlaşdıran Abbasovun yetirmələri bir il aradan sonra növbəti dəfə finala yüksəlib. Ancaq bu dəfə də ona kubok qazanmaq müəssər olmayıb. Həlledici oyunda “Keşlə”yə (indiki “Şamaxı”) məğlubiyyət (1:2) buna imkan verməyib.

2021-ci ilin sonu gözlənilmədən “Sumqayıt”da göndərilən mütəxəssis həmin il yarışın iştirakçısı olmayıb. Və bir illik fasilədən sonra yenə onun komandası kubokda yaxşı təsir bağışlayır. 1/8 finalda “Şamaxı” səddi uğurla dəf edildisə, ¼ finalın ilk matçında “Kəpəz” məğlub edilib.

Olmaya Ayxan Abbasov 3-cü finala hazırlaşır? Açığı, indiki heyət, indiki büdcə ilə bu, mümkünsüz bir şey kimi görünür. Lakin arxada qalan illər hamını ona güvənməyə məcbur edir. Axı o, bu işləri yaxşı bacarır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti