GÜNÜN İÇİNDƏN - "Qarabağ" üçün zəngin və sanballı...

15 Sentyabr 2022 17:00 Araşdırma 913
GÜNÜN İÇİNDƏN - "Qarabağ" üçün zəngin və sanballı...

"Nant"ın avrokubok təcrübəsi yoxdur".

Bu, Avropa Liqasının ikinci turunda "Qarabağ"ın qonağı olacaq rəqib haqqında ən çox işlənən fikirdir. Fransa təmsilçisi ilə püşkdə rastlaşdığımız andan mütəxəssislərin, futbol adamlarının analizdə ilk və daha çox dilə gətirdiyi bu məqamdır.

İddia etmirəm ki, yalan deyirlər. Amma rəqiblə bağlı hər şey təkcə yuxarıdakı 4 sözlük cümlədə gizlənmir axı.

Bəli, avrokubok təcrübəsi çox önəmli məsələdir. Dəfələrlə "Qarabağ"ın məhz bu detaldan məharətlə yararlandığını görmüşük.

Hətta bu, Avropa arenasında Qurban Qurbanovun yetirmələrinin dayanıqlı, stabil mübarizəsinin kökündə duran vacib amillərdən biri və bəlkə də birincisidir.

Lakin rəqib haqqında müqayisə yalnız bununla bitə bilməz. Özümüzü aldatmaq bir kənara, futbolçulara bir rahatlıq vermiş olarıq. Yaxşı haldı, amma aşırı inam da futbolçuları "yandıra" bilər.

Unutmayaq ki, 100 milyon avroya yaxın büdcəsi olan rəqib "Top-5" ölkələrdən olan Fransa təmsilçisidir.

Heyətində 8, 10, 16 milyonluq oyunçular olan klub hər həftə minimum bu qiymətdə olan futbolçulara qarşı oynayır.

Hələ Messili, Neymarlı, Mbappeli ulduzlar toplusu olan PSJ-yə qarşı mövsüm ərzində minimum 2 oyun (ötən mövsüm say 3 olub) keçirməyi demirəm.

Bəli, ötən mövsüm Liqa 1-i 9-cu pillədə başa vurublar. Amma həmin ulduzlar toplusu PSJ-nin də mübarizə apardığı Fransa kubokunda titula sahib çıxıb.

Özü də PSJ və "Marsel" kimi iddialıları mübarizədən kənarlaşdıran "Nitsa"nı finalda məğlub etməklə.

Həmin kollektivdən baş məşqçi və bir çox futbolçular hələ də komandadadır.

Yeni mövsüm daxili yarışlardakı uğursuz çıxışa rəğmən, Avropa Liqasının ilk turunda güclü "Olimpiakos"un məğlub edilməsi ortaya qoyulan iddianın ilk siqnalları kimi qəbul edilə bilər.

Gördüyünüz kimi, rəqib diqqətə alınmalı kifayət qədər sanballı kollektivdir.

Ümid edək ki, komandamız ilk turda Almaniyadakı parlaq çıxışın davamını bu gün fransızlara qarşı daha parlaq formada meydana təzahür edəcək.

Ki, ilk qələbəmizi, ilk xallarımızı qazanaq. Növbəti mərhələ, növbəti uğurlar üçün.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti