“Bu gün Gəncə futbolu arzuolunan vəziyyətdə deyil.
Qonşu Tovuzun “Turan”ı ilə müqayisə hər şey aşkar görünür”.
Bu sözləri Sportinfo.az-a açılamasında menecer Erkin İbrahimov deyib.
Premyer Liqaya qayıdan “Kəpəz”lə “Turan”ın müqayisə edən tanınmış agent ikincilərin düzgün prinsiplər əsasında fəaliyyət göstərdiyini bildirib:
“Turan” rəhbərliyi düzgün məşqçi seçimi etdi. Ayxan Abbasov da öz növbəsində çox gözəl seleksiya həyata keçirdi.
Gətirdiyi legionerlər və yerli futbolçulardan yaxşı komanda formalaşdırdı. Mən hələ sizə deyim ki, Tovuza legioner gətirmək daha çətindir, nəinki Gəncəyə.
Ayxan Abbasov Qurban Qurbanov kimi məşqçi-menecer olmağı bacardı. Eynən İngiltərədə də belədir. Həm klub, həm də komanda üçün işlər görür.
“Kəpəz”də isə… “Kəpəz”də işlər necə qurulur, legionerlər necə gətirilir… Mən də çox şey eşidirəm və bilirəm.
Gələn legionerlərdən baş məşqçinin xəbəri olubmu, olmayıbmı - bu da sualdır. Hər iki klubun büdcəsi eynidir, amma belə götürəndə, “Kəpəz” daha irəlidə olmalı idi.
“Kəpəz”in təmsil etdiyi şəhər olaraq üstünlükləri çoxdur. Tovuza isə 10 legionerdən 1-i gəlir.
“Turan” doğru strategiya sayəsində həm klub, həm də oyun keyfiyyəti baxımından “Kəpəz”dən xeyli qabağa çıxmağı bacarıb”.
“Kəpəz” Premyer Liqanın geridə qalan 6 turunu məğlubiyyətlə bitirib və turnir cədvəlinin son sırasında qərarlaşıb. “Turan Tovuz” isə tam əksinə, 10 xala malikdir və 4-5-ci yerləri bölüşdürür.

