Günahkar ovunda olan azərbaycanlıların Xviça axtarışı...

10 Sentyabr 2022 21:00 Araşdırma 1 292
Günahkar ovunda olan azərbaycanlıların Xviça axtarışı...

AFFA Azərbaycan futboluna cavabdeh qurumdur. Və ölkə futbolunun bu gündə olmasının bir nömrəli günahkarıdır.

Azərbaycan Premyer Liqası "Bakı çempionatı" adlandırılmasında da AFFA günahkardı, yığma komandanın bərbad gündə olmasında da.

Eddi İsrafilov, Dmitri Nazarov, Riçard Almeyda, Filip Ozobiç kimi əcnəbilərə boş-boşuna milyonlar xərcləyən də AFFA-dır. Yəni bu qurumun yalnış qərarları, idarəetməsi barədə günlərlə danışmaq olar.

Amma qadanız alım, vallah-billah bu ölkədən Xviça Kvarakseliya kimi birinin çıxmamasında indiki AFFA rəhbərliyi tək günahkar deyil.

Dərinə getsək, heç günahkar da deyil. Futbolçu yetişdirən ünvan Premyer Liqanın təmsilçiləridir. Bu işdə əlini daş altına başda "Qarabağ" və "Neftçi" olmaqla digər klublarımız qoymalıdır. Bəs qoyurlarmı? Birmənalı olaraq cavab təssüf ki, "yox"du.

Qısa müddət "Bakı" bu işi gördü, amma məlum səbəblərdən yarımçıq qaldı. Planlar yarımçıq qalsa belə Namiq Ələsgərov, Mahir Emreli kimi parlaq simalar üzə çıxdı. Bu gün də Premyer Liqa klublarında "Bakı" yetirməsi olan az oyunçu yoxdur.

"Bakı" ilə paralel "Qəbələ" də bu yolda az əziyyət çəkmədi. Amma onlar da işi yarıda qoydular. Ki, büdcə yoxdur.

Maliyyə bol olanda yetəri qədər pul akademiyaya ayırırdılar. İndi azalma var, akademiya da arxa plana keçib.

Düzdür, Felipe Santos, Ramon Maçado kimi əcnəbilərə ayda 10 min dollar verməyə gələndə pul tez tapılır. Yəni indi də daha çox şey etmək olar, ancaq bölgə klubu da strategiyanı digər klubların tutduğu xətt üzrə dəyişdi. Diqqət yönəldi əsas komandaya.

Hətta bu ala-yarımçıq yanaşma ilə də "qırmızı-qaralar ölkə çapında çəkisi olan çox sayda futbolçu yetişdirə bildi. Əminəm ki, daha 5-6 il də sistem olduğu yerdən davam etsəydi nəticələr mütləq daha yaxşı olacaqdı.

Az-çox iki klubumuz nəsə edib və ortada nəsə olub.

Son illər bu sahədə "Sabah" bir xeyli aktivləşib. Bakı klubundan indi nəsə danışmaq tezdir. Ümud edək ki, indiki yanaşma uzun illəri əhatə edəcək.

Uzun illər dedikdə təbii ki, 3-5 il yox, minimum 10 ilin üstündə olan dövr nəzərdə tutulur. Ancaq o zaman yaxşı şeylərin olacağına indidən zəmanət vermək olar.

Bəs digərləri? Ad çəkə biləcəyimiz növbəti komanda yoxdur.

Avropada illərdi tarix yazan "Qarabağ"ın, ölkənin ən köklü klubu sayılan "Neftçi"nin futbol akademiyaları hardadır?

Əgər bu iki klub akademiyaya yetəri qədər maliyyə, diqqət ayırmırsa, digər klublardan danışmağa dəyməz. AFFA-nı günahkar çıxarmaq isə insafdan olmaz.

Hər şeyi öz adı ilə çağıranda gözəl olur. Necə ki, Mahirə Xviça deyə bilmirik. Xviçanın özünü axtarırıq.

Onun azərbaycanlı əsli isə klublarımızın akademiyalarına olan bərbad yanaşmanın yaratdığı bataqlıqlarda gizlənirlər.

Düzgün yanaşma həmin bataqlığı abadlaşdıranda həmin azərbaycanlı Xviçalar da üzə çıxacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti