“Frayburq” ötən Bundesliqa mövsümünü 6-cı pillədə başa vurub.
Cari sezonda 5 turdan sonra topladığı 12 xalla Almaniya çempionatında liderlik edir.
“Qarabağ”ın qarşılaşacağı 118 yaşlı klub adına və əzəmətinə görə kifayət qədər samballı səslənir. Frayburqun eyniadlı komandası ölkənin ən yaşlı klublarından hesab olunur.
Bu gün kollektivin sərgilədiyi oyun və 11 ildir komandanın “sükanı” arxasında olan Kristian Ştrayxın məşqçilik bacarığı təkcə Almaniyaya yox, Avropaya səs salıb.
Sentyabrın 8-də baş tutacaq “Frayburq” – “Qarabağ” qarşılaşmasında meydan sahibləri duelin birmənalı favoriti hesab olunur ki, bu da anlaşılandır.
Di gəl, “ağ-qaralar”ın avrokubok təcrübəsi elə də zəngin deyil. Və bu məqam təmsilçimizi ruhalndırmalı, beynəlxalq arenalarda təcrübəsi az olan komanda qarşısına inamlı çıxmağa sövq etməlidir.
Təsəvvür edin, “Frayburq”un avrokubok təcrübəsi cəmi 16 oyundan ibarətdir. Təxminən “Qarabağ”ın bir mövsümdə meydana çıxdığı oyun sayı qədər.
Almaniya təmsilçisi beynəlxalq arenada sonuncu dəfə 2017-18 mövsümündə görünüb və ilk cəhddəcə mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Ümumi vəziyyət belədir:
1995-96, UEFA kuboku, təsnifat mərhələsi
“Frayburq” – “Slaviya Praqa” 1:2, 0:0
2001-02, UEFA kuboku, təsnifat mərhələləri
“Frayburq” – “Matador” (Slovakiya) 2:1, 0:0
“Frayburq” – “St Gallen” (İsveçrə) 0:1, 4:1
“Frayburq” – “Feyenoord” (Niderland) 2:2, 0:1
2013-14, Avropa Liqası, qrup mərhələsi
“Frayburq” – “Sevilya” (İspaniya) 0:2, 0:2
“Frayburq” – “Eştoril” (Portuqaliya) 0:0, 1:1
“Frayburq” - “Slovan Liberets” (Çexiya) 2:2, 2:1
2017-18, Avropa Liqası, təsnifat mərhələsi
“Frayburq” – “Domjale” (Sloveniya) 1:0, 0:2
Son 27 ildə avrokuboklarda vur-tut 16 görüşə çıxan frayburqlular bu görüşlərdə güclü rəqib qismində yalnız “Sevilya”nı görüb ki, almanlar hər 2 qarşılaşmada ispanlara boyun əyib.
Digər 14 oyunda “Frayburq” yalnız 4 qələbəyə sevinib, 4 dəfə məğlub olub, 6 qarşılaşmada heç-heçə qeydə alınıb.
Bir sözlə, Bundesliqanın bugünkü liderinin Avropa macərası 16 oyundan və 4 qələbədən ibarətdir.
“Qarabağ”ın avrokubok göstəricisi isə 150 oyunda 54 qələbə, 56 məğlubiyyət, 40 heç-heçədir.
Ağdamlılar bu üstünlükdən hansısa yolla istifadə etməlidir.
Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində sentyabrın 8-də baş tutacaq “Frayburq” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO,AZ

