Diniyev imtina etdi, bu məşqçilərdən biri “Kəpəz”i çalışdıracaq

1 Sentyabr 2022 19:40 Araşdırma 3 241
Diniyev imtina etdi, bu məşqçilərdən biri “Kəpəz”i çalışdıracaq

“Kəpəz”də baş məşqçi postu hələ də boş qalmaqdadır.

Yaşar Vahabzadəni istefaya göndərən rəhbərlik “sükanı” müvəqqəti Xaliq Mərdanova tapşırıb.

Yeni çalışdırıcı gələnə qədər komandaya nəzarət əvəzedicilərin baş məşqçisinin əlində olacaq. Baş məşqçi təyinatı isə hələ yubanır.

Namizədlərin başında dayanan şəxs Şahin Diniyev idi.

Lakin o, Gəncəyə növbəti dönüşü ilə onu nələrin gözlədiyini bildiyindən, təklifdən imtina edib. 4-5 il öncə yaşanan hadisələrə görə “Kəpəz”in başında dayanması mümkünsüz idi.

Diniyevin geri çəkilməsindən sonra klubun AFFA-dakı nəzarətçiləri digər 3 məşqçi arasında seçim etməyə çalışır. Bunlar Yunis Hüseynov, Tərlan Əhmədov və Aftandil Hacıyevdir.

Tərlan Əhmədova münasibət isti deyil. 2 ildir işsiz qalan mütəxəssisin adı ətrafında xoşagəlməz söhbətlər gəzdiyindən, başbilənlər riskli addım atmaq istəmir, ehtiyat edir.

Yoxsa təyinatını çoxdan vermişdilər, Əhmədov da tələsik Gəncəyə yollanmışdı.

“Səbail”dəki debüt ilində komandanı avrokuboklara daşıyan, sonrakı illərdə çempionatın ən az büdcəli klubunda çalışmaq bacarığını ortaya qoyan Aftandil Hacıyevin Gəncədə çalışa biləcəyi ehtimal olunur.

Pula həris olmaması, çətin vəziyyətlərdə rəhbərliyi fakt qarşısında qoymaması üstün keyfiyyətləri kimi AFFA-dakı səlahiyyətli şəxslərin diqqətinə çatdırılıb.

Yunis Hüseynovun təyinatı bu gün üçün kifayət qədər real görünür. “Kəpəz”in indiki halında kənardan gələn məşqçinin işləyib durumu yaxşıya dəyişməsi olduqca çətindir.

Hətta nəticələr bir müddət ürəkaçan olmasa belə, azarkeşlərlə dil tapmaq, futbolçuları ruhlandırmaq vacib şərtdir. Bu işin öhdəsindən əslən gəncəli, şəhərdə kifayət qədər sevilən Hüseynovun gələ biləcəyi ehtimal olunur.

Odur ki, gözləyək. Növbəti həftənin əvvəlinə qədər “Kəpəz”in baş məşqçisinin adı dəqiqləşməlidir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti