Elxan Məmmədov mayda AFFA-nı tərk edib. Dörd aydır ki. o, Fransada yaşayır.
FİFA-nın Parisdəki ofisində iş alıb, direktor postunu tutub. Hər ay beynəlxalq futbol qurumundan 25 min avronun üstündə maaş alır.
Bilmirik ki, hank hesabına köçürülən bu məbləğ ona bəs edir, ya yox, amma E.Məmmədovun AFFA-dakı vəzifələri ilə vidalaşmasını toy-bayram kimi qarşılayan çoxluq sevinməyə tələsib.
O, hal-hazırda da federasiyanı gündəlik nəzarətdə saxlayır, verilən qərarlara birbaşa təsir göstərir. E.Məmmədov AFFA-dan ayrılmaq qərarını bu ilin yanvarında verib.
Uğursuz fəaliyyətinə görə artan təzyiqlər qarşısında daha duruş gətirə bilmədiyinə görə. Yəni, o, FİFA-dan könül xoşluğu ilə iş istəməyib. Məcbur qalıb, Bakıdan Parisə köç edib.
Rövnəq Abdullayevin fevralda SOCAR-ın prezidenti vəzifəsindən kənarlaşdırılmasından sonra AFFA-da qalmağın təhlükəli olmasını hiss edən E.Məmmədov tədbirli tərpəndi, yoxsa federasiyada aparılan köklü audit yoxlaması hələ uzun müddət yuxusunu ərşə çəkəcəkdi.
lakin «görən göz»(lər)i, «vuran əl»(lər)i hələ də Bakının mərkəzinə yaxın ərazidə yerləşən «şüşəbənd»in kabinet/dəhlizlərində söz və səlahiyyət sahibidir.
Müavini olmuş Sərxan Hacıyevi baş katib kreslosuna əyləşdirən, Zaur Axundovu «Şamaxı»nın Müşahidə Şurasının sədri vəzifəsindən göndərən, «Xan Lənkəran»ı I Diviziona buraxmayan, Ramin Musayevi Peşəkar Futbol Liqasının prezitdenti postundan uzaqlaşdıran gözəgörünməz qüvvə elə Elxan Məmmədovun özüdür.
Görün, zat necə böyük diplomatdırsa, yaxın dostu Elxan Səmədovu xoruz banından əvvəl Peşəkar Futbol Liqasının rəhbərliyinə gətirəndə, hamı çaşbaş qaldı. Bilmədi bu külək haradan əsdi, necə əsdi.
Ona yaxın şəxəslər dezinformasiyalar yaydı ki, guya, adaşların arası bir müddət əvvəl dəyib və E.Səmədov AFFA-ya iddialı yeni personaların dəstəyi ilə PFL-in başına keçib.
Cidanı çuvalda gizlətməyə bir müddət müvəffəq oldu. Lakin heç 40 gün keçmədi, bəzi əsas sualların üzərindən sirr pərdəsi qalxmağa başladı.
2009-cu ildən AFFA-da çalışan, bu müddətdə müxtəlif postlar tutan Zaur Hacı-Məhərrəmov üçün PFL-də yeni vəzifənin təsis edilməsi torbadakı pişiyi tərpətdi.
Bundan belə çempionatı təşkilatçısı olan qurumda icraçı direktor postunu tutacaq Məhərrəmovun Məmmədovun «kassir»i olması haqda dövrü mətbuatda çoxsaylı xəbərlər çıxıb.
AFFA-nın sabiq icraçı vitse-prezidentinin fəaliyyətinə dair bir çox məlumatlar Məhərrəmova məlumdur. Odur ki, E.Məmmədov həmişə çalışıb ki, onu özündən, gözündən uzağa baraxmasın, həmişə yanında saxlasın.
İllər öncə mediada xəbərlər yayılmışdı ki, E.Məmmədov Hacı-Məhərrəmovun şəxsi avtomobilinin təmir xərclərini ödəməyi belə, öz üzərinə götürüb.
Bu, hələ onlar arasında yaxınlığın KİV-ə sızan kiçik bir nümunəsidir, indi görün, geniş kütləyə bəlli olmayan nə qədər məsələ var.
Elxan Səmədov həqiqətən yeni simaların, AFFA-da hakimiyyətə gəlməyə hazırlaşan çevrələrin təmsilçisidirsə, E.Məmmədovun ən sadiq kadrlarından birini PFL-ə niyə gətirir?
Doğrudan da, onun sabiq icraçı vitse-prezidentlə arası dəyibsə, Hacı-Məhərrəmov üçün PFL-də yeni post təsis etməyə nə lüzum var idi?
Bu məntiqdən çıxış edərək belə qənaətə gəlmək olar ki, E.Səmədov son 1 ayda qurumda hansı islahat aparıbsa, hamısını E.Məmmədovla öncədən razılaşıdırıb.
2014-2015-ci ildən başlayaraq Ramin Musayevlə «soyuq müharibə»ni şiddətləndirən, bunu öncə Premyer Liqa təmsilçilərində Müşahidə Şuraları, ardınca AFFA Klublar Komitəsi yaratmaqla edən, onları özünün təsiri altına alan E.Məmmədov, göründüyü kimi, çox «uzaqgörən siyasət» yürüdüb.
R.Musayevin vaxtilə görəvə gətirdiyi kadrların heç də hamısını birbaşa öz tərəfinə çəkə bilməyən eks icraçı vitse-prezidentin onları başqa «kanallar»la «ipə-sapa» yatırtması da PFL-dəki son yeniliklərdən anlaşılır.
Elə buna görədir ki, R.Musayevin ardınca təşkilatı vur-tut 3-4 nəfər tərk etdi.
SPORTİNFO.AZ

