Fransanın futbol məktəbi, yunanların ən uğurlusu - “Qarabağ”ın yeni yol yoldaşları

28 Avqust 2022 16:20 Araşdırma 1 916
Fransanın futbol məktəbi, yunanların ən uğurlusu - “Qarabağ”ın yeni yol yoldaşları

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Yunanıstanın “Olimpiakos”, Almaniyanın “Frayburq” və Fransanın “Nant” klubu ilə qarşılaşacaq.

“Olimpiakos” Yunanıstanın ən məşhur klubudur.

Həm uğurları, həm də məşhur futbolçuların çıxış etməsi ilə tanınan afinalılar Avropa arenalarında da adından söz etdirə bilib. 1925-ci il martın 10-da yaradılan “Olimpiakos”un emblemində Yay Olimpiya Oyunlarının simvolları yer alır. Klubun adı da məhz buradan gəlir. Oyunlarını “Karaiskakis” stadionunda keçirir və bu arenanın tutumu 32 min 115 nəfərdir.

Afinalılar 47 dəfə ölkə çempionatının qalibi olub, 28 dəfə ölkə kubokunu qazanıb və 4 dəfə də Superkuboka sahib çıxıb. 2014/2015 mövsümündə “Olimpiakos” ölkə çempionu olmaqla futbol tarixində ilk 5 dəfə ardıcıl 5 və daha artıq çempionluq qazanan klub olub.

Avropa yarışlarında isə “Olimpiakos” ən yaxşı çıxışını 1998/99-cu illər mövsümündə göstərib. Onlar Çempionlar Liqasının ¼ finalına qədər irəliləyiblər və burada “Yuventus”a məğlub olaraq mübarizəni dayandırıblar. Onlar ən yüksək reytinqə malik yunan təmsilçisidir.

Hazırda komandanın heyətində iki məşhur futbolçu var. Bunlar vaxtilə İtaliyanın “Roma” klubunda çıxış edən Kostas Manolas və “Lion”, “Fənərbaxça” kimi klublardakı çıxışı ilə tanınan Matyö Valbuenadır.
Komandanın məşhur baş məşqçiləri sırasında Oleq Bloxin, Ernesto Valverde kimi tanınmış mütəxəssislər var.

2004-2007-ci illərdə isə klubun heyətində Braziliya futbolunun əfsanələrindən olan Rivaldo çıxış edib.

Qurban Qurbanovun komandasının ikinci rəqibi Almaniyanın “Frayburq” klubudur. Bu klub 1904-cü ildə yaradılıb. Frayburq şəhərində yaranan klubun adı əvvəllər 4 dəfə dəyişib. 1918-ci ildə Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra ad “Frayburq” olaraq təsdiqləndi.

Ikinci Dünya Müharibəsinin sonunda Almaniyada klubların əksəriyyəti dağıldı. Bir il sonra isə klublara yenidən qurulmaq icazəsi verildi, lakin əvvəlki nasist adlarından fərqli adlarda çıxış etməli idilər. “Frayburq” klubu da adını dəyişərək “VFL Frayburq” oldu. 1952-ci Fransa alman təmsilçilərinə öz əvvəlki adları ilə çıxış etmək icazəsi verdi. Nəticədə “Frayburq” da öz adı ilə oynamağa başladı.
Klub bu illərdə ikinci liqada, birinci liqada çıxış edirdi. Bir çox titullar qazandı. İkinci Dünya Müharibəsində isə Həvəskarlar Liqasında oynamağa başladılar.
1978-79-cu illərdə komanda yenidən Bundesliqa 2-də oynamağa başlayır.

Klubun ən böyük uğurları isə 1995 və 2001-ci illərdə UEFA Kubokunda (indiki Avropa Liqası) çıxış etməsi olub.

“Frayburq” Bundesliqaya 1997-ci ildə Bundesliqa 2-də 17-ci yeri tutaraq gəlir. Onlar sonra dəfələrlə ikinci liqaya düşsələr də, yenidən əsas liqaya yüksəlirdilər.

Klubun ən tanınmış oyunçusu isə 2006-2021-ci illərdə Almaniya yığmasının baş məşqçisi Yoahim Lövdür. O, həm də klub tarixində ən çox qol vuran oyunçudur. Frayburqluların formasında Löv 252 oyunda rəqib qapılarına 81 dəfə yol tapıb.

Klub oyunlarını 34 min 700 nəfərlik “Avropa Park Stadionun”da keçirir.

Fransanın “Nant” klubu isə 1943-cü il 21 apreldə yaradılıb.

Rəngləri sarı-yaşıl olan komandanın əsası eyniadlı şəhərdə qoyulub. Oyunlarını 38 min 285 nəfərlik “Bojuar” stadionunda keçirir. Klub daha çox yetişdirdiyi oyunçularla məşhurdur. Burada vaxtikən Marsel Desayi, Didye Deşam, Klod Makalele, Jeremi Tulalan, Kristian Karambü kimi oyunçular çıxış edib.

“Nant” 8 dəfə Fransa Liqa-1-nin qalibi olub. Onlar 3 dəfə ölkə kubokunun qalibi olmaq sevincini yaşayıb. 2 dəfə isə Fransa Superkubokunun qalibi olublar.

Hazırda klubun heyətində ən məşhur oyunçular “Tottenhem”dən tanınan Musa Sissosoko və “Qalatasaray”dan azərbaycanlı azarkeşlərə tanış olan Mostafa Mohammedir (qafqazinfo).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti