“Qarabağ”ln rəqiblərinin halından xəbəriniz var? – Buyurun, tanış olun

27 Avqust 2022 20:40 Araşdırma 2 032
“Qarabağ”ln rəqiblərinin halından xəbəriniz var? – Buyurun, tanış olun

Avropa Liqasının qrup mərhələsinin püşkü atılandan sonra azərbaycanlı futbolsevərlərin böyük əksəriyyəti daş atıb başını tutur.

Ki, “Qarabağ”ın qrupdakı rəqibləri çox güclüdür, növbəti mərhələyə yüksəlmək çətin olacaq, ən yaxşı halda 3-cü yer üçün oynamaq olar və sair.

“Olimpiakos”, “Frayburq” və “Nant”ı “köhlən atlar” üçün keçilməz rəqib hesab edənlər üçün kiçik xatırlatmaya gərək var.

Ötən il “Neftçi”ni Çempionlar Liqasından kənarlaşdıran Yunanıstan nəhəngi ötən mövsümü də çempion qismində başa vuraraq Avropanın ali klub turnirində iştirak imkanı qazanıb.

Lakin ilk cəhddəcə Hayfa “Makkabi”si önündə biabır olub. İsraildə qeydə alınan 1:1-dən sonra hayfalılar Pireydə “Olimpiakos”u meydana çıxmağa peşman edib – 4:0.

“Qırmızı-ağlar” ÇL-dən Avropa Liqasına yuvarlanaraq 3-cü təsnifat mərhələsində Bratislava “Slovan”ına rəqib olub. Di gəl, Slovakiya təmsilçisini də məğlub etmək mümkün olmayıb. Hər iki oyunda bərabərlik qeydə alınıb (1:1, 2:2). “Olimpiakos” penalti zərbələrində istəyinə çataraq pley-offa yüksəlib.

Burada “Apollon”la duellərdə Yunanıstan çempionu yenə qələbəyə həsrət qalıb. Hər iki oyun eyni hesabla başa çatıb – 1:1. “Qarabağ”ın qrupdakı rəqibi növbəti dəfə penalti zərbələrində üstün olaraq pley-offu uğurla dəf edib.

“Olimpiakos” bu il cəmi 1 qələbəyə sevinib. Ölkə çempionatı çərçivəsində “PAS Giannina”nı qonaq edən “qırmızı-ağlar” 2:0 hesablı qələbəyə sevinib.

“Nant”a gəlincə, ötən mövsüm Liqa-1-i 9-cu pillədə başa vurub ölkə kubokunu başı üzərinə qaldıran “sarılar” Avropa Liqasının qrup mərhələsinə birbaşa qoşulub. Yəni təsnifat mərhələsində iştirak etməyib.

“Qarabağ”ın rəqibi cari mövsümdə 4 rəsmi matça çıxıb. İyulun son günündə Fransa superkubokunda PSJ-yə böyük hesabla uduzub – 0:4.

Çempionatdakı vəziyyət isə qətiyyən ürəkaçan deyil. “Anger”s (0:0) və “Lill”ə qarşılaşmalarda (0:0) qalib müəyyənləşməyib, “Marsel”lə avqustun 20-dəki görüşdə isə rəqib 2:1 hesablı qalibiyyətə sevinib.

Ötən il Bundesliqanı 6-cı pillədə tamamlayan “Frayburq” da Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Cari mövsümdə avrokuboklarda siftə etməyən almanlar 4 rəsmi oyuna çıxıb.

“Frayburq” ölkə kubokunda mübarizəyə iyulun 31-də “Kaizerslautern”lə oyunla start verib və dueldən üzüağ çıxıb – 2:1.

Növbəti 3 oyun Bundesliqa çərçivəsində baş tutub. Frayburqun eyniadlı komandası səfərdə keçirdiyi hər iki qarşılaşmada “Auqsburq”u 4:0, “Ştutqart”ı 1:0 hesabı ilə məğlub edib. Dortmund “Borussiya”sı ilə doğma azareşlər önündəki oyunda isə güclü rəqibinə 1:3 hesabı ilə uduzub.

Göründüyü kimi, “Olimpiakos”la “Nant” “Qarabağ”a həm oyun, həm də qələbə hesabında uduzur. Bu iki komandadan heç biri hələ ki, ümidləri doğrultmur. Azarkeşlərin sosial şəbəkələrdəki etirazlarından heyət və idarəetmə baxımından ciddi problemlərin olduğunu hiss etmək çətin deyil.

Bəli, “Qarabağ” üçün ən çətin və keçilməsi çətin görünən rəqib məhz “Frayburq”dur. Kristian Ştrayxın rəhbərlik etdiyi kollektiv intizamlı və məhsuldar oyunla diqqət çəkməkdədir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti