“Qarabağ” hələ BOS-a müraciət etməyib

22 Avqust 2022 19:00 Araşdırma 1 041
“Qarabağ” hələ BOS-a müraciət etməyib

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarsa, ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyə bilər.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu haqda saytımıza deyib.

Müsahib təsnifar mərhələləri ilə müqayisədə qruplarda mübarizə aparmağın texniki şərtlərinin daha çox və ağır olmasına diqqət çəkib:

“Bu məsələ bizim gündəmimizədir və klubdaxili toplantılarda müzakirə olunmaqdadır. UEFA-nın tələblərini yerinə yetirmək asan deyil.

Çempionlar Liqasının qrup mərhələsinə yüksələn klubun stadionu ən müasir standartlara cavab verməlidir.

Məsələn, parkinqin sahəsi, restoran şəbəkəsi, UEFA ilə sponsorluq müqaviləsi imzalamış şirkətlərin nümayəndələri üçün “sky-boxlar”ın ayrılması və onların sayı – yəni, bu kimi şərtlər çoxdur.

Mən tələblərdən yalnız bir qismini sadaladım. Təsnifat mərhələsində rəqiblərimizi qəbul etdiyimiz Tofiq Bəhramov adına Respublika stadionu bu tələblərə tam cavab vermir, ortalığa müəyyən problemlər çıxır.

Bu baxımdan Bakı Olimpiya Stadionu UEFA-nın meyarlarına cavab verir. Klub olaraq artıq üzümüzə gələn həftə qərarımızı müəyyənləşdirəcəyik.

İndi bütün fikrimizi “Viktoriya” ilə səfər oyununa vermişik. Pley-off mərhələsinin yekun nəticəsindən asılı olaraq, stadion seçimi edəcəyik”.

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev bununla bağlı Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın ev oyunlarını qəbul etməyə hazırdırlar:

“İlk olaraq bildirim ki, BOS nəinki qrup mərhələsi, hətta finalları qəbul edəcək kateqoriyaya və infrastruktura malikdir. Xatırlayırsızsa, biz AVRO 2019 Finalından sonra “Elit Stadion” adına və AVRO 2020-nin qrup mərhələsi bitdikdən sonra 10 günə 3 oyunu qəbul etdiyim və ot örtüyünün zərər görməməsi səbəbilə “uğurlu davamiyyət” mükafatına layiq görülmüşdük. O ki qaldı “Qarabağ” klubuna, biz təbii ki, öncə klubumuz səfərdə qalib gəlib yenidən ÇL-in qruplarına vəsiqə qazanmasını istəyirik. “Qarabağ”ın bizə yaşadacağı sevincə ev sahibliyi etməyimiz özümüz üçün ikiqat sevinc olacaq. Lakin klubdan bizə rəsmi müraciət daxil olmadığı üçün oyunların keçirələcəyi məkan barədə heç nə deyə bilmirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti