Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun hakim təyinatları məlumdur.
Məlum qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Artur Soareş Diaşa yan xətlərdə Ruy Tavareş və Paulu Soareş köməklik edəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.
Ötən ay 43 yaşının tamamlayan Diaş çiyinlərində illərin təcrübəsini gəzdirir. 1996-cı ildə, yəni 17 yaşında hakimliyə başlayan səbəbkar 8 ildən sonra Portuqaliyanın yüksək dəstəsində oyun idarə edib.
Çox keçmədən FİFA statusuna da yiyələnib. 2006-cı ildən beynəlxalq oyunlara təyinat almasına baxmayaraq, bir neçə il dördüncü hakim funksiyasını yerinə yetirib. 2010-cu ildən isə milli və klub səviyyəsindəki qarşılaşmalara baş hakim kimi göndərilir.
Hakimliyi özünə ikinci iş seçib, əsl vəzifəsi insan resursları direktoru olan Artur geridə qalan 12 ildə Avropanın demək olar bütün nəhənglərinin oyunlarında fit çalıb. Elit kateqoriyaya daxil olan portəgiz referinin hesabında 120 beynəlxalq matç var – 63-ü klub, 57-si milli səviyyəsində.
Bu 120 oyunun 2-də azərbaycanlıların da izi var.
Diaş bizimkilərin matçını ilk dəfə 2011-ci ildə idarə edib. Oktyabrın 10-da 19 yaşa qədər futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələ oyununda Azərbaycan və İtaliya milliləri qarşılaşıb.
Rəqibin 2:1 hesabı ilə qalib gəldiyi oyunda komandamızın yeganə qolunu Rəhman Hacıyev penaltidən vurub. Millimizin 79 dəqiqə azlıqda oynadığı görüşdə Artur 11-ci dəqiqədə qapıçı Orxan Sadıqlını meydandan qovub.
2017-ci ildə isə Bakıya səfər edib. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində Bakı Olimpiya Stadionunda “Roma”nı qəbul edəndə meydanda yaşananlara nəzarət bu hakimin əlində olub. Bu dəfə də qələbəyə sevinənlər italiyanlar olub və matçda yenə 2:1 hesabı qeydə alınıb. “Köhlən atlar”ın yeganə qolunu 28-ci dəqiqədə Pedro Enrike vurub.
“Qarabağ”lılar “Viktoriya” ilə qarşılaşmalarda diqqətli olmalıdır. Diaşın futbolçulara şifahi xəbərdarlıq etməklə arası yoxdur. İlk imkandaca əlini cibinə atmağa öyrəncəlidir.
Təsəvvür edin, referi son 10 avrokubok matçında futbolçulara 63 sarı vərəqə göstərib. Bu isə hər oyunda orta hesabla 6 “sarı” deməkdir. Qırmızı vərəqələrin sayı isə 6-dır. Bir oyundanbiq əlini tünd rəngli vərəqə üçün cibinə atır.
Odur ki, əsəblərin gəriləcəyi oyunda Qurban Qurbanov futbolçularına son dərəcədə səbrli davranmağı və təxribata uymamağı dönə-dönə tapşırmalıdır.
Plzendə baş tutacaq “Viktoriya” – “Qarabağ” görüşü avqustun 23-ü, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

