Azərbaycan Premyer Liqasının III turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.
Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” – “Neftçi” matçında (2:1) bir komandanın qapısına üç penalti zərbəsi təyin edilib.
Meydan sahibləri bu üç imkanın ikisindən yararlanıb.
Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/2006 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb.
2005-ci il dekabrın 10-da keçirilmiş görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib.
Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

