“Büdcə və oturuşmuş heyət baxımından bəzi komandalardan geri qalırıq”.
Bunu Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un hücumçusu Natan Oduva deyib.
Ötən sezonu “Şamaxı”da keçirən və 1 ay öncə Premyer Liqanın debütantı ilə anlaşan ingiltərəli forvard bildirib ki, Premyer Liqada kifayət qədər güclü rəqiblər var.
O qeyd edib ki, yeni qurulmuş “Turan Tovuz” üçün onlarla mübarizə aparmaq heç də asan olmayacaq:
“Tovuzlu azarkeşlər sevimli komandasından nə gözləyə bilər? Fanatların arzularını anlayışla qarşılayırıq.
Onlarla mübarizə aparmaq üçün yeganə yol meydanda can qoymaq, 90 dəqiqə yorulmadan mübarizə aparmaqdır.
Yalnız bu yolla və bizə inanılmaz dərəcədə motivasiya verən azarkeşlərimizin sayəsində istəyimizə çata bilərik.
İnanıram və ümid edirəm ki, çempionatın ən yaxşı komandalarından biri olacağıq. Tək yox, məhz azarkeşlərimizin köməyi sayəsində.
“Qəbələ” ilə matçı məğlub başa vurduq, amma oyundan sonra bizi alqışladılar. Bu, sadəcə möhtəşəm idi”.

