Uzun ayrılıqdan sonra Premyer Liqaya qayıdan “Turan Tovuz”un üzvləri səfər oyunlarında gedib-gəlmək üçün avtobusun yolunu gözləyir.
Bildiyiniz kimi, Futbolun İnkişaf Fondu (FİF) 2022/2023 mövsümündən Premyer Liqada iştirak etmək üçün lisenziya əldə edən "Turan Tovuz"a dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq üçün “Turan 100k” layihəsini ərsəyə gətirib.
Layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb platformada real futbol meydançası ölçülərinə uyğun olan 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib.
1 pikselin qiyməti 15 AZN təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.
Azarkeşlər 30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan “Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən, aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər.
İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.
Təxminən 10 gün əvvəl FİF-in kommunikasiya meneceri Mehriban Mürsəlovla əlaqə saxladıqda, 143 ədəd piksel satılması və ümumi məbləğin 2285 manat təşkil etməsi haqda məlumat almışdıq.
Həmin vaxtdan sonra ianə kompaniyasının təbliğatı yönündə böyük işlər görülüb, neçə-neçə yeni şəxs fonda yardım edib.
Maraqlıdır, hazırkı məqamda toplanın pulun cəmi nə qədərdir? Avtobus almaq üçün işıq yeri görünürmü?
Mürsəlova dinləyək:
“Artıq 245 piksel satılıb. Korporativ alışla birgə bu, 3815 manat təşkil edir. Layihənin uğurlu olması üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Ümid edirik ki, yekunda istəyimizə çatacağıq”.
Nə deyirik, təki istəyə çatılsın. O boyda Tovuzdan heç 200 nəfər əlini cibinə salmağa ərinirsə (245 pikselin müəyyən hissəsini ətraf şəhər və rayonlarda yaşayanlar alıb – H.), vay o avtobusun halına.
Biz də Mehriban xanım kimi yaxşı düşünək ki, yaxşı olsun.
HƏBİB / SPORTİNFO.AZ

