“Qarabağ” – “Viktoriya” qarşılaşmasında (0:0) azərbaycnlı azarkeşlər yenə möhtəşəm idi.
90 dəqiqə durmadan sevimli komandalarına dəstək verən, lazımi anlarda rəqibi təzyiq altında saxlayan fanatlar sonda qələbəyə sevinə bilməsə də, “köhlən atlar”ın səfərdən uğurlu nəticə ilə dönəcəyinə ümid edib stadionu tərk etdi.
Oyunu stadionda nə az, nə çox, 31500 nəfər izləyib. Bu isə “Viktoriya” üçün sürpriz rəqəm sayıla bilər.
Rəqibin baş məşqçisi Mixal Bilekin oyunsonrası mətbuat konfransında azarkeşlər barədə ağızdolusu danışmasına boşuna deyilmiş.
Belə ki, Plzen təmsilçisi stadionda bu qədər azarkeşi sonuncu dəfə 4 il əvvəl görüb. 2018-ci ilin noyabrın 27-də Movskvada ÇSKA ilə görüşdə. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Lujniki”də keçirilən qarşılaşmanı 52892 nəfər izləyib.
“Viktoriya” həmin gündən bu yana “Qarabağ”la oyuna kimi avrokuboklarda 20 matç keçirib. Lakin heç birini 31500 nəfər canlı izləməyib.
Yalnız bir dəfə buna yaxın qeydə alınıb ki, “Olimpiakos” – “Viktoriya” duelində “Karaiskakis” stadionuna 30123 nəfər təşrif buyurub.
“Qarabağ”la “Viktoriya” arasındakı cavab oyunu avqustun 23-ü Plzendə keçiriləcək, matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

