Yekə əmilərdən top almağa çalışan “Kəpəz”lə “Şamaxı”

18 Avqust 2022 19:40 Araşdırma 1 321
Yekə əmilərdən top almağa çalışan “Kəpəz”lə “Şamaxı”

Başımız “Qarabağ”la “Neftçi”nin avrokuboklardakı çıxışına qarışdığı dönəmdə Premyer Liqanın 2 turu geridə qalıb.

Kiçik yerdəyişmələri nəzərə almasaq, mövsümün sonundakı tablonu indidən görmək çətin deyil.

Yekunda avrokuboklara vəsiqə qazanacaq 4 komanda ilk “5-lik”də yer alıb. Başqa cür ola da bilməzdi.

Təəccübləndirən məqam büdcəsini yaxşılaşdırıb heyətini legionerlərlə gücləndirən “Səbail”lə “Sumqayıt”ın düşdüyü vəziyyətdir.

Bu iki komandanın hesabında xal yoxdur. Çempionat yeni başlayıb, mütləq ki, ümumi mənzərədə dəyişiklik nəzərə çarpacaq.

Bəs, “Kəpəz”lə “Şamaxı”? Onların xoş gələcəyinə ümid etməyə dəyərmi?

Yaxşı nəyəsə ümid etmək üçün yaxşı heyətin, yaxşı imkanın, azarkeşin, öz stadionun, bir sözlə, hər şeyin olmalıdır.

Bu iki komanda yarıçılpaq vəziyyətdədir. Birinin üst geyimi var, altı yoxdur, o birinin altı var, üstü yoxdur. Qarşıdan soyuq ayların gəldiyini nəzərə alsaq, gödəkçə ilə kürksüz onları şaxta vuracağını ehtimal edə bilərik. Soyuq aylar çempionatın qızğın çağıdır, kürk isə pul.

Bəylər futbolumuzun coğrafiyasını genişləndirmək niyyəti ilə topla meydanı bölgələrə daşımaq həvəsinə düşdülər ki, bəlkə xalqın ağzı yumular, qınaq azalar, rayonlarda işsizlik böyük futbolla unudular.

Amma “Kəpəz” və “Şamaxı” kimi “acından ölən”, pulsuzluğu “əsas diqqəti gənclərə ayırmışıq” bəhanəsi ilə ört-basdır edən klub-komandaların yeri ilə Premyer Liqanın “zirzəmi”si, yeri gələndə Birinci Diviziondur.

Elitada çıxış edən komandanın xalça kimi meydanı var, amma orada oyun keçirməyə icazə verilmir ki, tribunalar qəzalı vəziyyətdədir. “Kəpəz” yollarda qalıb, kluba ayrılan pulun yarısı yanacaqpuluna gedir. Hələ mən komandanın “sükanı” arxasında Yaşar Vahabzadə kimi ərköyün, Premyer Liqa təcrübəsi olmayan birinin əyləşdirilməsini demirəm.

“Şamaxı”dan ümumiyyətlə, danışmağa dəyməz. Hazırlığa hamıdan gec başlayan, faktiki baş məşqçisi Vüqar Əsgərov olub komandanı oyunlara Cavid Hüseynovun hazırladığı, imkansızlıqdan klubsuz qalanları Şamaxıya yığan kollektivin xoş gələcəyinə inanmaq “Kəpəz”in ev oyunlarını Gəncədə keçirəcəyinə ümid etmək kimi bir şeydir.

Uzun sözün qısası, 10 komandalı çempionatın gərgin mübarizə şəraitində keçəcəyinə inananları indidən “ayıltmaq” lazımdır. Premyer Liqa yenə 8 komanda ilə keçirilir, “Kəpəz”lə “Şamaxı” məhəllə futbolunda yekə əmilərin arxasınca qaçıb topu almağa çalışan uşaqların rolundadır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!