
Aprelin 27-də işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfər edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənə xəbərdarlıqlar etdi.
Dövlət başçısı bunun sonuncu xəbərdarlıq olduğunun altını xüsusilə cızdı.
Adətən bu cür hallarda sonuncu xəbərdarlıq nəzərə alınmayanda savaş başlayır...
Məsələ ondadır ki, ermənilərin sülh prosesini pozub, növbəti savaşa hazırlaşmaları barədə iddialar artmaqdadır.
Prezident İlham Əliyev isə bu məqamda revanşistlərə, onların havadarlarına xəbərdarlıq edir. Heç şübhəsiz ki, ermənilər bu dəfə hansısa təxribatlara əl atsalar, onlara əfv yoxdur. Onları “iti qovan kimi” İrəvana kimi qova bilərik.
Ekspertlərin də bu məsələyə dair proqnozları, rəyləri konkretdir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu Azərbaycanın hər an hər şeyə hazır olduğunu söylədi: “Erməni faşizmi dünyanın ən eybəcər və ən vandal faşizmi olduğu kimi, ermənisayağı revanşizm də olduqca təhlükəli və gözlənilməz ola bilər. Ona görə də Azərbaycan revanşistlərin başını ”dəmir yumruq"la əzməyə həmişə hazır olmalıdır və hazırdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev daima öz çıxışlarında Azərbaycanın və dünyanın ictimai diqqətini bu məsələyə çəkir və revanşistlərə qəti xəbərdarlıq edir. Hamıya aydındır ki, Ermənistanda belə qüvvələr var və onlar tək deyillər. Çünki revanşizmi xaricdən dəstəkləyən, erməni olan və olmayan digər güc mərkəzləri də var. Əgər belə olmasa idi qəhrəman Azərbaycan Ordusu tərəfindən darmadağın edilən, faktiki olaraq diz çökdürülən ermənilər revanşizmə cəhd edəcək cəsarəti özlərində tapa bilməzdilər. Elə Zəngilan rayonunun Seyidlər kəndi istiqamətində bizim sərhəd qoşunlarımıza atəş açılması da bunun təzahürüdür.
Hikmət Babaoğlu: “Əgər yeni bir tarixi dərs daha almaq istəmirlərsə...”
Azərbaycan Prezidenti ermənilərin bu alçaq hərəkətinə də elə Zəngilandan, orada xidməti istifadəyə açılan sərhəd zastavasından cavab verdi. Əslində bu, cavabdan daha çox son və qəti xəbərdarlıq idi. Bu xəbərdarlıq ermənilərlə bərabər onların havadarlarına da edilən xəbərdarlıq idi. Prezident İlham Əliyev şəxsi heyət qarşısında çıxış edən Ali Baş Komandan kimi dedi ki, əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Düşmənin yerindəcə necə məhv edildiyini isə ermənilər çox yaxşı bilirlər. Çünki 44 günlük müharibədə bunu əyani şəkildə görüblər və tarixləri boyu unutmayacaq bir dərs alıblar. Əgər yeni bir tarixi dərs daha almaq istəmirlərsə, bənzər təxribatlara son qoymalıdırlar".
Əziz Əlibəyli: “Bu hədəflərdən kənara çıxanlar sərt şəkildə cəzalandırılacaq”
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli isə dedi ki, cənab Prezident hədəfləri konkret göstərdi: “Bu hədəflərdən kənara çıxanlar sərt şəkildə cəzalandırılacaq. Hədəflər nədən ibarətdir? 10 noyabrda Ermənistan kapitulyasiya aktına imza atıb və onun bir sıra şərtləri var. Burada xalqların birgə yaşayışı, kommunikasiyalar və bir sıra məsələlər nəzərdə tutulub. Biz torpaqlarımızın bütövlüyünü təmin etmək üçün savaş aparmalı olmuşuq. 3 min şəhid vermişik. Bu gün erməni cəmiyyəti revanşist mövqedən çıxış edərsə, 10 noyabr şərtlərinə əməl etməzlərsə, cənab Prezidentin də dediyi kimi, növbəti ”Dəmir yumruq"un dadını dadacaqlar. Şübhəsiz ki, Ali Baş Komandan bir daha ermənilərə, onların havadarlarına çox ciddi şəkildə bir mesaj ünvanladı. Hazırda əsas hədəflər sırasında Zəngəzur, Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin edilməsidir".
Cavanşir ABBASLI