"Azərbaycan klubları üçün 1 milyon dollar şişirdilmiş rəqəmdir"

25 Yanvar 2021 20:40 Araşdırma 685
"Azərbaycan klubları üçün 1 milyon dollar şişirdilmiş rəqəmdir"

Sportinfo.az xəbər verir ki, Azərbaycan klublarının 2020-ci ildə heyətinə cəlb etdiyi və vidalaşdığı futbolçuların sayı açıqlanıb.

Bu haqda FIFA-nın transferlərlə bağlı hesabatında göstərilib.

Bildirilir ki, klublarımız ötən il 61 futbolçu ilə müqavilə bağlayıb, 51-i ilə yolları ayırıb. 10 klub futbolçu almaqda, 3-ü isə oyunçuların satışında iştirak edib. Ancaq hesabatda ümumi xərc və qazanc açıqlanmayıb.

Ali futbol qurumu klublarımızın transferlərə xərclədiyi təxmini məbləği də açıqlayıb. Məlum olub ki, təmsilçilərimizin xərcləri qazanclarından daha çox olub. Belə ki, transferlərə təxminən 1 milyon ABŞ dollarından çox vəsait xərclənib. Qazanc isə 1 milyona yaxındı.

Hesabatda göstərilən say və məbləğ doğrudu? Klublar həqiqətən ötən il transferlərə bu qədər pul xərcləyib və 1 milyon dollar qazanc əldə edib?

Bu sualları ölkəmizdə menecer fəaliyyəti ilə məşğul olan şəxslərə ünvanladıq. Futbol agentlərinin hər biri göstərilən rəqəmlərin reallığa uyğun olmadığını bildirdi (Futbol+).

Səbuhi Səfiyarlı: “Məlumatla tanış oldum. Reallıqda olan məbləğ buradakından azdı. Yazının özünün araşdırmaya ehtiyacı var. Bizim üçün göstərilən satışın dəyərinin 1 milyon olması inandırıcı görünmür. Çünki son dəfə hansısa klubumuzun futbolçu satdığını xatırlamıram. Bu proses çox nadir hallarda baş verir. Oyunçu alınmasına 1 milyon xərclənə bilər. Çünki olar bilər ki, “Qarabağ” hansısa oyunçunun keçidinə yaxşı pul xərcləsin. Düzdü, rəqəmlər var, amma reallığı əks etdirmir. Bizim klubların satışdan 1 milyon qazanmasından söhbət belə gedə bilməz. Daxildə bəzi transferlər gerçəkləşdi, amma həmin keçidlərə də ümumilikdə bu qədər pul xərclənməyib. Hamısını toplasan, heç yarım milyona çatmaz. FIFA-nın göstərdiyi rəqəmlər, maliyyə ilə bağlı olanlar reallığı əks etdirmir. Bizdə olan keçidlərin məbləği klublar tərəfindən açıqlanmır. Bu səbəbdən də belə məlumatlar paylaşılanda bizə qəribə gəlir və doğruluğu qaranlıq qalır”.

Erkin İbrahimov: “Burda çox böyük ehtimalla ölkədaxili keçidlər hesablanıb. Məsələn, “Sabah” “Qəbələ”dən bir neçə transfer etdi. Bunları toplayanda hardasa 300-400 min edə bilər. Gənc futbolçuların keçidləri də olur. Buna görə də klublar bir-birinə təzminat ödəyirlər. Bəzən bu hallarda 30-40 min pul söhbəti olur. Düşünürəm ki, belə proseslərin hamısı nəzərə alınıb. Başqa cür inandırıcı deyil. Çünki hər şey gözümüzün önündə baş verib. Ötən il klublarımızın hansısa futbolçunun transferinə pul xərcləməsini və ya burdan gəlir əldə etməsini xatırlamıram”.

Vaqif Heydərli: “Maraqlı faktdı. Yəqin ilboyu baş tutan bütün keçidləri nəzərə alıblar. Bura pul ödənilənlər də daxildi, azad agent kimi keçidlər də. Çünki bizdə nadir hallarda hansısa futbolçunun alınmasına maliyyə xərclənilir. Göstərilən say aşağı-yuxarı eynidi. Pul məsələsi isə doğrudan maraqlı faktdı. Mən bunun səbəbini “Transfermarkt” platformasında görürəm. Məsələn, orda əsas millimizin və ya U-21 yığmamızın oyunçularının qiymətlərinə baxın. Portalda futbolçularımızın dəyəri 300-350 min avro civarında göstərilib. İndi bilmirəm ki, FIFA bu rəqəmləri hardan götürüb. Həqiqətən də klublarımız arasında belə keçidlər olubmu? Bunu demək o qədər də asan deyil. Yenə deyirəm, ola bilər ki, “Transfermarkt”dakı qiymətləri əsas götürüblər. Məsələn, premyer-liqada çıxış edən klublar bir-birindən 100 min manat dəyərində futbolçu alıblar. Həmin platformada isə oyunçunun dəyəri daha çox göstərilib. Belə olan halda FIFA-nın açıqladığı qiymətlər doğru ola bilər. Lakin reallığa gələndə, hamımız bilirik ki, Azərbaycan üçün 1 milyon ABŞ dolları şişirdilmiş rəqəmdi”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı