COP29

"Qarabağ"ın adlı-sanlı yeni tanışı – Gümüşü sevən klub

8 Sentyabr 2023 03:50 Almaniya 478
"Qarabağ"ın adlı-sanlı yeni tanışı – Gümüşü sevən klub

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bayer 04" 1904-cü ildə qurulub.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi adını aldığı "Bayer Ag" əczaçılıq şirkətinin əməkdaşları tərəfindən yaradılıb.

Daha əvvəl aşağı dəstələrdə, 1979/1980 mövsümündən isə əsas çempionatda çıxış edən komandanın rəngləri qırmızı və qaradır. Ev oyunlarını 30 210 azarkeş tutumuna malik "Bay Arena"da keçirir.

Klubun hazırkı baş direktoru Fernando Karro, baş məşqçisi tanınmış sabiq futbolçu Xabi Alonsodur.

Klubun heyətinin “transfermarkt” portalındakı ümumi dəyəri 446,05 milyon avrodur. Bu isə Bundesliqada "Bavariya" və Dortmund "Borussiya"sından sonra ən yüksək üçüncü göstəricidir.

Kapitan Lukaş Qradetski Finlandiya yığmasının əsas qapıçısıdır.

Xorvatiyalı Yosip Stanilits, ekvadorlu Pyero İnkape, almaniyalı Yonas Hofmann, çexiyalı Parik Şik və Adam Qlojek, niderlandlı Ceremi Frimponq, isveçrəli Qranit Caka ölkələrinin milli komandalarında çıxış edirlər.

"Qırmızı-qaralar" Bundesliqada yalnız gümüş medallarla kifayətlənib. Komanda 1996/1997, 1998/1999, 1999/2000, 2001/2002 və 2010/2011 mövsümlərində çempionatı ikinci sırada bitirib.

1987/1988 mövsümündə UEFA Kubokunu (hazırkı Avropa Liqası) başı üzərinə qaldıran "Bayer 04" 1992/1993 mövsümündə ölkə kubokuna sahib çıxıb.

Leverkuzen təmsilçisi tarixində bir dəfə UEFA Çempionlar Liqasında finala qədər irəliləməyə müvəffəq olub və 2001/2002 mövsümündə həlledici görüşdə İspaniya "Real"ına yenilib - 1:2.

Ötən mövsüm Bundesliqanı 6-cı sırada bitirən komanda UEFA Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb. "Bayer 04" hazırda üç turdan sonra 9 xalla "Bavariya" ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.

"Qarabağ" bu rəqiblə ilk görüşünü III turda, oktyabrın 6-da səfərdə keçirəcək. IV turun qarşılaşması noyabrın 9-da Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti