
Almaniya yığmasının və “Bayern”in sabiq hücumçusu Lukas Podolski “Tottenhem”in futbolçusu Harri Keynin Münhen klubuna mümkün transferi ilə bağlı danışıb.
Sportinfo.az xəbər verir ki, o, “Bayern” Keyni transfer edə bilərmi” sualını belə cavablandırıb:
“Məncə, bəli. “Bayern”in fəxri prezidenti Uli Höness də açıqlama veribsə, deməli, irəliləyiş əldə olunub.
Həqiqətən, Keyn “Bayern”ə kömək edə biləcək yeganə hücumçudur. Onun hazırkı yaşı da transfer üçün uyğundur.
Klassik 9 nömrədir və qollar vurmağı bacarır”.
İngiltərə millisinin üzvü başa çatan mövsümdə paytaxt klubunun heyətində 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatacaq.