Ötən həftə "Haypers Quba"da sürpriz ayrılıq yaşandı.
İkinci Liqa təmsilçisinin rəhbərliyi 2 həftə öncə baş məşqçi postuna gətirdiyi Zaur Hidayətovla yolları ayırdı.
Klub yolların ayrılmasını qarşılıqlı razılıq əsasında olduğunu açıqladı.
Amma bölgə klubunun "Dinamo" ilə son matçdakı məğlubiyyət (1:4) və görüşdə adı protokolda olmayana Nail Təhməzlinin meydana çıxması bir çox suallara yol açdı.
Hətta yeni baş məşqçi ilə yolların ayrılmasının məhz bu hadisə ilə bağlı olduğu bildirildi.
Sportinfo.az-a açıqlama verən Hidayətovun köməkçisi Vüsal Əsədov protokol qalmaqalı ilə bağlı bütün suallara aydınlıq gətirib.
Hadisənin birbaşa iştirakçısı olan gənc mütəxəssis olanları belə nəql edib:
"İlk öncə onu deyim ki, kluba dəvət olunanda məşqçilər korpusu olaraq klubun rəhbəri Ayaz müəllimə bildirdik ki, bizə qapıçı məşqçisi və administrator lazımdır. Cavab olaraq deyildi ki, hazırda maliyyə problemləri var. Qışa kimi qalan 4 oyunu keçirək, sonra bu kimi problemlər öz həllini tapacaq. Biz də razılaşdıq.
Sözümə bu məqamla giriş etməyim səbəbsiz deyildi. Çünki problemin ikinci dəfə yaşanma səbəbi məhz buradakı boşluqdadır.
Cavabdeh şəxs olmadığı üçün "Qusar"la oyundan öncə Ayaz müəllim mənə yaxınlaşıb protokol yazmağı xahiş etdi. Mən də bildirdim ki, yaza bilmərəm. Çünki məşqçinin işi deyil. O da dedi ki, problem yoxdur. Özüm protokolu yazaram. Elə də oldu. Görüşü 6:0 qələbə ilə başa vurduq.
"Dinamo" ilə oyunda protokolu yenə klubun prezidenti Ayaz müəllim yazdı. Bu dəfə isə oyuna 50 dəqiqə qalmış mənə yaxınlaşıb dedi ki, protokolu yoxla. Mən də komandanı oyun öncəsi məşqə çıxarırdım. Mən insanam axı. Necə bir neçə işi görə bilərəm? Ayaz müəllimin yanında hər oyuna gələn bir neçə yaxını tanışı da olur. Peşəkar Futbol Liqasının buraxılış vəsiqələri də var. Ən azı onlardan biri yoxlaya bilərdi. Görünür, onlar da etməyib. 80-ci dəqiqədə Nail Təhməzlini oyuna buraxdıq. 4 dəqiqə sonra bizə deyildi ki, adı protokolda yoxdur.
Bizə maraqlı olan başqa məqamdır. Görüşü 1:4 məğlub olduq. Oyunu onsuz da uduzmuşuq. Belədə protokol səhvini müzakirə etmək nəyə lazımdır? Qalib gəlsəydik onda demək olardı ki, bu səhvə görə 3 xal əldən getdi. İndi danışmaq lazımdır ki, niyə uduzduq? Nələri səhv etdik? Bunları axtarmaq, araşdırmaq lazımdır. Hətta protokol səhvinə görə 3 xal itirsək belə məşqçi qovmurlar.
Məncə, hər nə qədər yarım həvəskar çempionat olsa belə, klub rəhbəri protokol yazmalı deyil. Bunu edəcək şəxs olmalıdır. Baş məşqçi heyəti açıqlamalı və o da rəsmiləşdirib Peşəkar Futbol Liqasına göndərməlidir".
XANOĞLAN / SPORTİNFO.AZ