
Adətən, yeni yaranan komandalar üçün birinci proritet məsələ infrastrukturun qurulması olur.
Dövlət büdcəsindən klublara ayrılan dotasiyanın məqsədi də ilk öncən bundan ibarətdir.
Məbləğin tam da olmasa, müəyyən hissəsi klub üçün şəraitin yaxşılaşdırılmasına ayrılmalı, sonrakı mərhələdə yaxşı komandanın qurulması üçün addımlar atılmalıdır.
Təəssüf ki, futbolumuzdakı bir çox naşı klub rəsmiləri bu sadə həqiqəti görməzdən gəlir.
Ötən yay “İmişli” uzun müddətdən sonra böyük futbola qayıdanda sevinmişdik.
Axı bu komandanın təmsil olunduğu İmişlidə futbolu sevirlər. Futbolun oynanılması üçün yaxşı baza da mövcuddur.
Komanda ev oyunlarını 8500 nəfərlik mərkəzi arenada qəbul edir. Sadəcə uzun müddət böyük futbolun bu şəhərdən uzaq qalması hazır infrastruktura böyük zərər vurmuşdu.
Düşünmək olardı ki, yeni rəhbərlik ilk öncə bundan başlayacaq. Bərbada ot örtüyü yaxşılaşdırılacaq, futbolçuların yuyunması üçün elementar isti suyun yoxluğu problem olmayacaq və.s.
Əvəzində mövsüm boyu bu məkandan şikayətlər aldıq. Bu gün haqlı olaraq hər kəs bildirir ki, Birinci Liqada Premyer Liqa üçün hazır olan yeganə komanda “Şamaxı”dır. Elə AFFA-nın son seçki-hesabat konfransında da Premyer Liqada klub sayının artırılmamasının kökündə bu fakt dayanır.
Bu reallığı “İmişli” kimi komandanın rəsmiləri yaradıb. Zamanında infrastruktur üçün heç bir addım atılmadı. Dövlətin ayırdığı dotasiya, sponsorların ayırdığı pullar hamısısı futbolçuların maaşlarına xərcləndi. Sonda da heç bir nəticə hasil olmadı.
Deyəsən, klub rəhbərliyi indi ayılıb, səhvə yol verdiklərini dərk ediblər.
Hər halda komandanın icraçı direktoru Aqşin Mürsəlovun son açıqlaması belə düşünməyə əsas verir:
“Cari mövsümdə maliyyə vəsaitinin əsas hissəsini komandaya ayırdıq. İndi isə infrastrukturla bağlı ciddi işlər görmək istəyirik”.
Belə yerdə "Arxadan atılan daş topuğa dəyər" məsəli yerinə düşür.
Ümid edək bu dəfə həmin infrasturktura dəyəcək...
XANOĞLAN İMANOV