COP29

Əyalətdə komandanı təkbaşına yaşadan cəfakeş: “Mənə sual verirlər ki...”

9 May 23:20 II Divizion 571
Əyalətdə komandanı təkbaşına yaşadan cəfakeş: “Mənə sual verirlər ki...”

Həftəiçi sosial şəbəkədə 2-ci Liqa komandası "Ağdaş"ın rəhbəri Rəhman Əliyev barədə yayılan paylaşım rəğbətlə qarşılandı.

Həmkarlarımızdan Həsən Quluzadənin yerləşdirdiyi fotoda Əliyevin gecə vaxtı meydançada ot biçdiyi görünür.

Qeyddə isə onun səhəri gün meydançanı xətləməli, qapı torlarını asmalı, daha sonra rayonda insanların sıx olduğu yerlərdə oyunun afişasını təkbaşına vurmalı olduğu vurğulanıb.

Bir sözlə, Rəhman Əliyev bütün bu işləri təkbaşına edir.

Sportinfo.az "Ağdaş"ın rəhbərinin fanat.az-a müsahibəsini diqqətinizə çatdırır:

- Bu işləri təkbaşına görmək, dəstəksiz, köməksiz olmaq yorucu deyil?

- Futbolda "mən" deməyi xoşlamıram, çünki biz artıq çətinliklərə öyrənmişik. İllərdir çiynimizi bu yükün altına vermişik, xarakter olaraq da çətin işləri sevirəm. Əlbəttə, insan yorulur, ancaq arzu, inam, istək yorğunluğun qarşısını ala bilir. Məsələn, uşaq komandalarımızla işləmək çox çətindir, ancaq azyaşlıların xoşbəxtliyini və inkişafini gördükdə insan enerji alır. Azərbaycanın hər bölgəsində futbolu sevən, illərini futbola vermiş insanlar var, sadəcə, onlara dəstək olmaq lazımdır. Mənə sual verirlər ki, o qədər əziyyət çəkirsən bu işlərin axırı nə olacaq? Səmimi desəm, sonunu düşünməmişəm, düşündüyüm yeganə şey yetişdirdiyimiz uşaqların gələcəkdə futboldan xeyir görməsidir. İnaniram ki, həmin uşaqlar böyük futbola qədəm qoyanda futbolumuz yüksək yerlərdə olacaq. Çünki artıq futbolun inkişafına dair yaxşı işlər görülməyə başlanılıb. İnşallah, uşaqlar çəkdikləri əziyyətlərin bəhrəsini görəcəklər. Onlar üçün hər şəraiti yaratmışıq. Ən azı, uşaqlar idmanla məşğul olurlar, sağlam böyüyürlər.

- AFFA-nın ayırdığı maliyyə dəstəyi kifayət etmir? Məbləğin nə qədər artırılması sizi qane edərdi ki, əlavə köməkçi, işçi götürəsiz?

- Dövlətimiz sağ olsun, futbolun inkişafına hər zaman kömək edir. 2-ci Liqa klublarina 50 min maliyyə dəstəyi verilir. Bir misal var, "bəy verən atın dişinə baxmazlar". O maliyyə əslində klublara başlanğıc üçün verilir. Normalda klublar özlərinə sponsor tapmalıdır.

- Rayonda komandaya kömək üçün iş adamları cəlb etmək məqsədi ilə harasa, kiməsə müraciət etmisiz?

- 2-ci Liqa başlamamışdan əvvəl dostlarımla, qohumlarımla birgə stadionu öz büdcəmizlə təmir etdik. Ətrafım genişdi, kimə nə demişəm, imkanı daxilində dəstək göstərib. Sahibkarlarla ciddi şəkildə sponsorluq barəsində danışıqlarda onların suallari belə olur: "Bizim bu işdən qazancımız nə olacaq?" Heç kəs qazancı olmayan yerə pul xərcləmək istəmir. Bunu edən ya futbol xəstəsi olmalıdır, ya da rayonu üçün fədakarlıq göstərib futbolun inkişafına pul xərcləməlidir. Azərbaycanda futbol sosial layihə kimidir. Heç Premyer Liqa klubları sponsor tapmaqda çətinlik çəkir, o ki qalıb 2-ci Liqa. Hansı klubumuz deyə bilər ki, forma və ya bilet satışından gəlir əldə edir? Futbolun İnkişaf Fondunun işlərini qeyd etmək lazımdır ki, klublarımıza sponsor tapmaq üçün əllərindən gələni edirlər. Elə etməliyik ki, sahibkarlar sevinə-sevinə futbola pul xərcləsin. Nəticəyə yox, uzun müddətli inkişafa pul yatırmağa, futbol akademiyası yaratmağa sövq etməliyik ki, səbrlə gözləyib öz yetişdirdiyi uşaqların satışından pul qazansın. "Ağdaş" üçün belə sponsor olsa, çox işlər görmək olar. Fürsətdən istifadə edərək, 2-ci Liqani yaratdıqları üçün AFFA-ya, PFL-ə təşəkkürümü bildirmək istəyirəm. Bu gün dövlətin futbola yardımı olmasa, hətta Premyer Liqada belə yalnız 2-3 klub öz ayağı üstündə dayana bilər.

Digər Xəbərlər
Xəbər Lenti