Premyer Liqaya 4 komandanın çıxmasını istəyir

26 Mart 2020 23:00 I Divizion 1 571
Premyer Liqaya 4 komandanın çıxmasını istəyir

Bölgə komandalarının az-çox üzünü gördüyümüz birinci divizionda çempionluq uğrunda qızğın mübarizə gedir.

Sportinfo.az xəbər verir ki, hazırda lider olan “Turan Tovuz”un 37, ikinci “Səbail-2”nin 36, üçüncü pillədəki “Zaqatala”nın isə 35 xalı var.

Köklü bölgə təmsilçiləri əvvəlki vaxtlarından uzaq olsalar da, hələlik bu çempionatda yarışırlar. Gələn mövsümdən onlardan ikisinin premyer-liqaya gətirilməsi gözlənilir. Söhbət “Kəpəz”lə “Turan Tovuz”dan gedir.

Gəncə təmsilçisi hər nə qədər yaxşı vəziyyətdə olmasa da, tovuzlular bunu haqq etməyə çalışır. Hərçənd məsələ ilə bağlı dəqiq heç nə bildirilməyib. Ancaq böyük ehtimalla adı çəkilən iki komanda elitaya gətiriləcək.

Hazırda divizionda uğurlu çıxışı ilə diqqəti çəkən başqa bölgə təmsilçisi “Zaqatala”dı. Zaqatalalıların adı premyer-liqa ilə yanaşı çəkilməsə də, birinci divizionda çempionluğa iddialıdılar.

Komandanın hazırkı vəziyyəti, premyer-liqa məqsədinin olub-olmaması və qarşıdakı hədəfləri ilə bağlı baş məşqçi Rüstəm Məmmədovla söhbət etdik (Futbol+):

“Qaradağ Lökbatan”la qarşılaşmadan sonra fasilə elan olundu. Oyunlar skoronavirusa görə qeyri-müəyyən müddətə təxirə salınıb. Biz də gözləmə mövqeyindəyik. Böyüklər və aşağı yaş qrupları buraxlıb. Nə vaxt məlumat gələcək, o zaman yığışacağıq.

Biz çempionluq uğrunda mübarizə aparırıq. Açığı, premyer-liqa barədə məndə dəqiq məlumat yoxdu. Bu məsələ ilə bağlı rəhbərlikdən də bizə heç nə deyilməyib. Ancaq təbii ki, çempionluq hədəfimiz dəyişməyib. Yəqin ki bizimlə yanaşı, başqa bir neçə komandanın da hədəfi budu.

Qarşıda 6 tur qalıb. Çalışıb maksimum xal toplamalıyıq. Hədəf çempionluqdu. Ancaq dediyim kimi, çempion olsaq belə, premyer-liqa haqda heç nə bilmirik. Reqlamentə əsasən, birinci və ikinci yeri tutan komandalar elitaya gəlməlidilər.

Bizim də hədəfimiz yer tutmaqdı. Ancaq lisenziyalaşdırma məsələsi rəhbərliyin işidi. Biz məşçilər heyəti və oyunçuların hədəfi çempionatı zirvədə bitirməkdi.

Çempion ola biləcək gücdəyik. Hədəfimizi də buna görə təyin etmişik. Oyunlarımız da bunu göstərir. Komandada başqa fikir yoxdu. Ancaq necə olacağını zaman göstərər”.

Gənc mütəxəssis məcburi fasilənin yerinə düşmədiyini söylədi: “Açığı, bu fasilə bizə yaramadı. Amma hər yerdə belədi. Edəcək bir şey yoxdu.

Komandamız yaxşı təlim-məşq toplanışı keçmişdi. Yoxlama oyunlarında gücümüzü sınamışdıq. Komanda formada idi. Oyunumuzu tapmışdıq. Ona görə fasilə bizim üçün əlverişli olmadı. Liqaların səviyyələrindən danışsaq, premyer-liqa divizionla eyni səviyyədə deyil.

Sadəcə, elə uşaqlar var ki, onların yanına 4-5 təcrübəli oyunçu gətirsək, yaxşı komanda formalaşar. Söhbət bizim komandadan gedir. Burda problem limit məsələsidi. Biz daha çox gənclərə üstünlük veririk. Ancaq təbii ki, pemyer-liqada daha təcrübəli futbolçular çıxış edir.

Amma divizionda elə futbolçular var ki, istedadına görə elitadakılardan geri qalmırlar. Ümumilikdə təcrübə baxımından geri qalırıq. Divizionda turnir cədvəlinə baxsaq, heç də birinin digərindən çox üstün olduğunu görmərik. Komandalar arasında xal fərqi çox azdı.

Deyərdim ki, 3-5 klub eyni gücdədi. Əvəzedicilərin də yaxşı heyətləri var. Fikir versəz, hər komandada iki-üç təcrübəli futbolçu var. Onların üstünlüyü əsas heyətdən oyunçu cəlb edə bilmələridi. Düzdü, onlarda da gənclər çıxış edir, oyun baxımından fərqlənirlər.

Məsələn, mən “Neftçi-2”ni bəyənirəm. Çox yaxşı oyun göstərirlər. Az öncə premyer-liqa barədə danışdıq. Əlavə edim ki, əsas çempionatda komanda sayını artırsaq, daha yaxşı olar. Bunu hamı istəyir.

Hiss olunur ki, federasiya da buna nail olmağa çalışır. Amma təcrübə göstərir ki, bəzən premyer-liqadakı komanda yarışı sonadək başa vura bilmir. Mənə görə bu səbəbdən belə bir vəziyyət yaranıb.

Ancaq sponsorlar cəlb edilsə, iki yox, 4 komandanın premyer-liqaya gəlməsini istərdim. Çünki çempionatın səfər ab-havasına ehtiyacı var. “Zaqatala” da digər bölgə komandaları kimi çempionata rəng qatar.

Dəfələrlə görmüşük ki, Bakı təmsilçiləri bölgələrdə çətinlik çəkir oynamağa. Rəqabət və azarkeş baxımından bölgə komandaları çempionat üçün vacibdi.

Lider olan belə sonuncu sıradakı rəqiblə səfər oyununda xal itirə bilər. Çünki azarkeş dəstəyi, yol amili var. Bunlar hamısı futbolun bir parçasıdı. Çempionatın gözəlliyi belə şeylərdədi”.

Digər Xəbərlər
Xəbər Lenti