
Azərbaycan I Liqasında XV tura yekun vurulub.
"Difai" Şamaxıda nominal ev sahibi olduğu oyunda "Şamaxı"nı qəbul edib.
Qarşılaşma 0:0 hesablı başa çatıb. Hesabat həftəsinin ən sürpriz nəticəsi də bu sayılsın gərək.
Çünki Premyer Liqaya vəsiqəyə iddia eləyən «Şamaxı»nın yerli publika önündə büdrəyəcəyi gözlənilmirdi. Mütləq əksəriyyət bu fikirdə idi ki, qonşu rayonların derbisində böyükhesablı qələbə qeydə alınacaq.
Qarşılaşma dumanlı şəraitdə baş tutdu. Çiskinli yağışdan sonra meydanın üzərinə çökən duman diskomfort yaradıb.
Buna rəbmən, «Şamaxı» ilk dəqiqələrdən hücuma atılaraq, erkən qol vurmağa çalışdı. Bəhruz Teymurovla Abbas Ağazadənin fərqlənməsinə Əlirza Müştəbazadə imkan vermədi.
Ümumiyyətlə, deməliyik ki, «Neftçi»nin yetirməsi 90 dəqiqəni yüksək səviyyədə keçirdi və «Difai»ni dəfələrlə qoldan xilas elədi.
Mərkəzdən və cinahlardan kəskin həmlələr təşkil edən «Şamaxı»dan fərqli olaraq, «fədailər» əks-hücum taktikası seçmişdi.
Ön xətdə İlham Allahverdiyevin təcrübəsinə güvənən «Difai»nin planı baş tutmuş sayıla bilər. Çünki Elgiz Kərəmlinin real nəticəyə hesablanmış taktiki gedişləri özünü doğrultdu.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xeyir-duası ilə yaradılmış komanda dünən Şamaxıda çox istəkli təsir bağışladı. Bu, mövsümün əvvəlindəki «Difai» deyildi.
Qış fasiləsində aparılan transfer çalışmaları kollektivin mübarizə ruhunu artırıb, oyun keyfiyyətini yüksəldib.
Düzdür, «fədailər» dünənki matçda arzuladığı qədər qol epizodu yaratmadı, amma biz bunu «Şamax»ının gücü ilə əlaqələndirməliyik.
Ramiz Məmmədovun təyinatından sonra «şirlər»in tərzi dəyişib, indi daha hərəkətli oynayır, intensiv hücumlar təşkil edirlər.
Əvvəlki «Şamaxı» standart vəziyyətlərdən fərqlənməyə can atırdısa, yeni baş məşqçi fərqli komponentlər üzərində dayanır.
Yaxşı günləri hələ qabaqdadır. Hücum arsenalını bir qədər artırsalar, izləyicilərinin nəfəsini yaxından hiss etmədən mövsümü birinci yerdə başa vuracaqlar.
Xallarını 29-a yüksəldən "Şamaxı" çempionatın lideridir. 8 xalı olan "Difai " isə 9-cu yerdədir.
SPORTİNFO.AZ
Şamaxı şəhər stadionu. 90 tamaşaçı |
|
||
|