“Sabah”ın oyununa qalmaqallı adam təyin olundu - Maliyyəçi debüt edəcək

19:40 Sabah 127
“Sabah”ın oyununa qalmaqallı adam təyin olundu - Maliyyəçi debüt edəcək

“Vikinq” – “Sabah” matçında iş başında olacaq hakimlər məlumdur.

Qarşılaşmanı Niderlanddan olan briqada idarə edəcək.

Görüşün baş hakimi Sander van der Eyk olacaq. Ona yan xətlərdə Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Coui Koy yerinə yetirəcək.

1991 doğumlu Sander van der Eyk 2019-cu ildən Niderlandın yüksək dəstəsində, 2022-ci ildən isə beynəlxalq matçlarda fit çalır. 2025-ci ilin yanvar ayında UEFA-nın 1-ci kateqoriyalı hakimi statusuna yiyələnib.

İndiyə qədər Avropa Liqasında və Konfrans Liqasında həm təsnifat, həm də əsas mərhələ oyunlarına təyinat alsa da, Çempionlar Liqasının liqa mərhələsində görünməyib. Odur ki, “Sabah”ın matçı niderlandlı ədalət təmsilçisi üçün tarixi ilk olacaq.

Avrokubok təcrübəsi kifayət qədər olsa da, Azərbaycan klublarının qarşılaşmalarında görünməyib. Bizimkilərlə yolu bir dəfə kəsişib, o da milli komandalar səviyyəsində.

2025-ci ilin sentyabrın 5-də Azərbaycanın əsas millisi səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzanda, meydanda yaşananlara məhz bu hakim nəzarət edib.

Yeri gəlmişkən, həmin dueldə hazırda “Sabah”ın sıralarında olan Rəhman Daşdəmirova sarı vərəqə göstərib, millimizin sabiq baş məşqçisi Fernandu Santuş isə həmin yenilgidən sonra istefaya göndərilib.

Bu adam ölkəsində ən çox gündəmdə olan hakim hesab olunur. Bu da az qala hər mövsümdə kobud səhvlərə yol verməsi ilə bağlıdır.

Məsələn, ötən ay keçirilən “Ayaks” – PSV qarşılaşmasında Van der Eyk PSV-nin futbolçusu Ruben van Bommelə rəqibə qarşı sərt müdaxiləsinə görə sarı vərəqə göstərib.

Zərbə o qədər ağır olub ki, “Ayaks”ın müdafiəçisi oyunu davam etdirə bilməyib. Yerli ekspertlər günlərlə qərarı tənqid edərək futbolçunun meydandan qovulmalı olduğunu bildiriblər.

Hakim həmin görüşdən sonra ESPN-ə müsahibə verməkdən boyun qaçırması da böyük şübhə və müzakirələrə yol açıb.

Səbəbkarın Çempionlar Liqasının liqa mərhələsinə təyinat alması Niderland mətbuatında müzakirə edilib.

Van der Eyk yalnız futbol hakimi kimi fəaliyyət göstərmir. Niderland mətbuatında dərc olunan məlumata əsasən, o, biznes-kontroller, yəni şirkətin maliyyə göstəricilərini və büdcəsini təhlil edən mütəxəssis kimi fəaliyyət göstərməkdədir. Bu da səbəbsiz deyil. Çünki ali təhsili məhz maliyyə sahəsi ilə bağlıdır.

Bir sözlə, Çempionlar Liqasının liqa mərhələsində debüt edəcək maliyyəçi-referi yığmamızın darmadağınının canlı şahidi olmaqla yanaşı, Santuşun istefaya göndərildiyi oyunu idarə edib.

Noyabrın 4-dən 5-nə keçən gecə keçiriləcək “Vikinq” – “Sabah” dueli saat 00:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol