Rəşad Sadıqov: "Hər dəfə özümə söz verirəm ki..."

1 Aprel 2023 22:20 Zirə 723
Rəşad Sadıqov: "Hər dəfə özümə söz verirəm ki..."

"Zirə" Azərbaycan Premyer Liqasının 28-ci turunda doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Çox hərəkətli və dinamik oyun oldu. Matçda çoxlu qol epizodları var idi. Amma hər iki komanda qolu standart vəziyyətdən sonra vurdu. Oyunun gedişatına daha gözəl qollar yaraşırdı. Qələbəyə köklənmişdik, 3 xal qazanmaq istəyirdik. Nəticə baxımından məğlub olsaq da, bu mövsüm "Neftçi"yə qarşı oyunlarımız yaxşı alınırdı. 1 xal da bizim üçün pis nəticə sayılmır.

- Turnir cədvəlinin ilk pillələrində qərarlaşan komandalar üzərində qələbəniz yoxdur. Bu, nə ilə bağlıdır?

- Bu haqda özüm də düşünmüşəm. Həmin komandalara qarşı oyunlarımız pis alınmayıb. "Qəbələ" ilə matçda qələbəyə layiq idik, "Sabah"a uduzduğumuz oyunu pis keçirmədik. İki olmayan vəziyyətdən qol vurdular. "Qarabağ"a qarşı evdəki oyunumuz çox yaxşı keçirdi, son dəqiqələrdə avtoqolla məğlub olduq. "Neftçi"yə səfərdə 0:1 hesabı ilə uduzduğumuz görüşdə qələbəyə çox yaxın idik, yetərincə qol vəziyyətlərimiz oldu. Xüsuslilə bu matçlarda oyun planı baxımından problem olmur, amma nəticə baxımından problem yaşayırıq. Son zərbələrdə, son ötürmələrdə ciddi problemimiz olur. Bugünkü qarşılaşmada 70-ci dəqiqəyə kimi hesab 3:1, 4:1 ola bilərdi. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bilmirdik. Qapıçı İvan Brkiçin də ustalığını qeyd etmək lazımdır. Xüsusilə bizimlə oyunlarda bu qapıçı ustalıq göstərir. Çempionatı toplasaq, bəlkə də 10-12 dənə elə qurtarış edib. Onun seyvləri həm kubokda, həm çempionatda həlledici olub. Səbrli olmaq lazımdır. Mən bunları normal qarşılayıram. Bu gün futbolçularımın çıxışından çox razı qaldım. 0:1 geridə olmağımıza baxmayaraq, qələbəyə köklənmişdilər. Qapımıza vurulan qolu gördüz. Çox futbolçular bizimlə matçda ilk qollarını vururlar. İllərdir qol vurmayan oyunçular bizimlə oyunda fərqlənirlər. Məsələn Voyislav Stankoviçi götürək. Uzun müddətdir qol vurmurdu. "Səabil"də Qomis, bu gün Lebon bizə fantastik qol vurdu. Belə hadisələr oyunlarımızda çox baş verir. Hər dəfə özümə söz verirəm ki, danışmayacam. Amma elə olur ki, mövzu açılır və danışırıq. Səbr etməli, yolumuza davam etməliyik.

- Millinin köməkçi məşqçisi Arif Əsədov bildirib ki, futbolçular klublarda yaxşı fiziki durumda deyillər. Bu haqda nə deyə bilərsiz?

- Mən futbolçularımın fiziki durumundan razıyam. Bunu "Qəbələ", "Neftçi", "Sabah"la görüşlərdə görmüşük. Ümumiyyətlə millinin fiziki durumla bağlı hər hansı sıxıntısı görünmür. Məğlubiyyətlərin fiziki durumla əlaqəsi yoxdur. Bu söhbət 96-97-ci illərdə qaldı... "Bizim 60-70 dəqiqə gücümz çatır". "Qarabağ" 90 dəqiqə bütün Avropa klublarını fiziki cəhətdən üstələyir. Qurtardı bu söhbətlər. 96-97-ci illərdə edilən söhbətlər, atmacalar, bəhanələrdir. Buraxılan qolların fiziki durumla nə əlaqəsi var? Bəli, rəqiblər həmişə bizi üstələyib, aydın məsələdir. Onların oynadığı çempionatlara baxın. Amma baxırıq ki, ilk hissələrdə millimiz rəqibləri dinamikada, sürətdə üstələyirdi. İkinci hissədə problem yaşamağımızın fiziki dözümlülüklə bağlı olduğunu düşünmürəm. Bu tip rəqiblər həmişə ikinci hissədə təzyiqi artırır. Qələbələr qazanılanda futbolçular fiziki cəhətdən çatdırırdı? Qələbə seriyası olanda heç kim açıqlama vermədi ki, futbolçular klublardan yaxşı vəziyyətdə gəlirlər. Arif müəllim savadlı adamdır, futbolu bilir. Bunu fiziki durumla bağlamaq, bilmirəm...

- Sizcə, millimizin problemi nədədir?

- Bilmirəm. Hər hansı geniş şərh vermək istəmirəm. Məqamı olduqda bu mövzuların ətrafında yetərincə danışmışıq. İndi həm məqamı deyil, həm də milli məğlub olandan sonra çox danışmamışam. Amma heyət olaraq götürsək, son illərin beynəlxalq arenada müasir futbol oynamaq üçün ən optimal heyətdir. Bəli itkilər olanda, mərkəz müdafiəçisi, qapıçı mövqeyində bəzi problemlər yaşayırıq. Əslində qapıçılarımız da yaxşıdır. Sadəcə olaraq beynəlxalq arenada təcrübələri yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti