"O, Rəşad Sadıqovla danışdı, mən də buraya gəldim"

15 Sentyabr 2022 00:40 Zirə 590
"O,  Rəşad Sadıqovla danışdı, mən də buraya gəldim"

Sportinfo.az "Zirə"nin fransalı müdafiəçisi Adileu Moizin müsahibəsini təqdim edir:

- Azərbaycan Premyer Liqasının son turunda "Səbail"i 2:1 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Layiqli qələbə idi. Səfərdə oynadıq və bizim üçün asan olmadı. Ardıcıl ikinci qarşılaşmada qələbə bizim üçün vacib idi.

- Əvvəlki matçlarda start heyətində yer alsanız da, bu dəfə ehtiyatda qaldınız. Bu, nə ilə bağlı idi?

- Düzdür, bu matçda meydana çıxmadım. Çünki evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldiyimiz V tur oyunundan sonra ayağımda ağrılar var idi. Həkimlər həmin görüşdən sonra istirahət etməli olduğumu bildirmişdilər.

- Artıq Azərbaycan çempionatında bir neçə oyun keçirmisiniz. Premyer Liqanın və futbolumuzun səviyyəsi barədə hansı fikirdəsiniz?

- Məncə, səviyyə kifayət qədər yüksəkdir. Açığı, bu cür gözləmirdim, sürpriz oldu. Bu, həm komanda, həm də karyeram üçün yaxşıdır. Belədə rəqabət də güclü olur.

- Bir az əvvələ qayıdaq. "Zirə"yə keçidiniz necə baş tutdu?

- Karyeramda yeni səhifə açmaq, yeni addım atmaq istəyirdim. "Zirə"nin Konfrans Liqasında oynadığını bildirdim. Bu, mənə motivasiya verdi. Agentim Rəşad Sadıqovla danışdıqdan sonra buraya gəldim. İnanıram ki, yenə avrokuboklara vəsiqə qazanacağıq.

- Azərbaycan çempionatında sizi ən çox təəccübləndirən nə oldu?

- Təbii ki, buradakı komandaların səviyyəsi. Liqada çox yaxşı futbolçular çıxış edir. Xüsusilə "Qarabağ"da çox sürətli və keyfiyyətli oyunçular var. Məncə, bu komanda asanlıqla Avropanın ən yaxşı 5 liqasından birində oynaya bilər.

- Fransa, Slovakiya, Yunanıstan, Türkiyə və Niderland çempionatlarında oynamısınız. Bu liqalarla Azərbaycan Premyer Liqasını necə müqayisə edərdiniz?

- Əvvəl oynadığım çempionatlarda da rəqabət yüksək idi. Azərbaycanda da bunun şahidi oldum. Məsələn, adlarını sadaladığınız ölkələrdə taktiki-texniki futbola üstünlük verirlər. Burada isə daha çox fiziki və texniki oyun üslubu üstünlük təşkil edir.

- Fransada "Valensiyen", "Pau" və "Vitre" klublarının formasını geyinmisiniz. "Qarabağ" sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsinin II turunda "Nant"la qarşılaşacaq. Hər iki komanda haqqında məlumatınız var. Şansları necə dəyərləndirirsiniz?

- Məncə, hər iki komanda üçün yaxşı oyundur. "Nant"ın heyətində sürətli və güclü futbolçular var. "Qarabağ"a çətin olacaq. Çünki 3 gündən bir oyun keçirirlər. Fikrimcə, "Qarabağ" güclü rəqiblə mübarizəyə tam hazırdır (report.az).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!