“Real”ın ulduzu ilə “Zirə”nin legioneri dostluq edir – MARAQLI FOTO-FAKT

29 Aprel 2022 19:00 Zirə 953
“Real”ın ulduzu ilə “Zirə”nin legioneri dostluq edir – MARAQLI FOTO-FAKT

“Real”ın və Fransa millisinin üzvü Ferland Mendi “Kral klubu”nda 100-cü oyununa çıxdı.

“Etihad”da “Mançester Siti”yə qarşı görüşdə start heyətində yer alan müdafiəçi yubiley matçı ilə bağlı çoxsaylı təbrikləri qəbul etməli olub.

Mendiyə Azərbaycandakı dostu da təbrik göndərib. Bu, “Zirə”nin fransalı hücumçusu Hamidu Keytadır.

Ölkəmizə gəldiyi gündən oyunu ilə özü haqda xoş fikirlər formalaşdıran “14 nömrə” “instaqram” hesabında Ferlandın fotosunu paylaşaraq “100” yazıb. Və həmin şəkil üçün onu işarələyib.

Mendi ilə Keytanın münasibətlərinin hara və hansı illərə söykəndiyini bilmək üçün internetdə “gəzişmək” kifayət etdi.

Məlum oldu ki, hər iki futbolçu Seneqal əsillidir və Fransada doğulublar.

Ən maraqlısı isə, illər öncə eyni komandanın sıralarında yer almalarıdır.

Belə ki, “Real”ın hazırkı ulduzu 2013-2016-cı illər aralığında həmin vaxt Liqa-2-də və 3-cü Milli Liqada mübarizə aparmış “Havr”ın uğurları üçün tər töküb. Həmçinin əvəzedici komandada oynayıb.

Hamidu isə 2014/15 mövsümündə “Havr”ın əvəzedici komandasında 21 oyunda 6 qol vurub. Ferland isə həmin vaxt 23 qarşılaşmanın iştirakçısı olub.

Bir sözlə, “Real”ın ulduzu ilə “Zirə”nin legionerinin dost münasibəti 8 il əvvələ gedib çıxır. Onda hər ikisi gənc idi, Mendinin 19, Keytanın 20 yaşı vardı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti