Azərbaycan Premyer Liqasının 24-cu turunda "Zirə" Sumqayıtda vacib qələbə qazandı.
Meydan sahiblərinin dirənişi matçın əlavə vaxtına kimi davam etdi. Amma son saniyələrdə gələn qol məğlubiyyəti reallığa çevirmiş oldu.
Qonaqlara 3 xal hava-su kimi lazım idi. İkinciliyi demək olar "Neftçi"yə uduzan "qartallar" üçüncü yeri əldən vermək barədə qəti düşünmürdü. Çünki xal itkisi yüksək sürət yığan "Sabah"ın ayaq izlərini ən yaxından hiss etdirəcəkdi.
Amma Davit Volkovun kritik qolu yoldaşlarını bu həyacandan uzaqlaşdırmış oldu. 63-cü dəqiqədə Ağabala Ramazanovun əvəzinə meydana daxil olan əcnəbi forvard 90+2-ci dəqiqədə matçdakı yeganə qolun müəllifi oldu.
Gürcüstanlı hücumçu vurduğu qolla həm də 2022-ci il Premyer Liqada öz "siftə"sini etmiş oldu.
Nə qədər qəribə səslənsə də arxada qalan 4 aya yaxın müddətdə bombardir Premyer Liqada qol vurmağı bacarmırdı. Ümumiyyətlə isə Gürcüstan millisinin üzvü çempionatda sonuncu qolunu ötən ilin dekabrı "Qəbələ" ilə görüşdə vurmuşdu.
5 aya yaxın davam edən "qol orucu"nu əhəmiyyətli xalların qazanılması ilə pozulduğunu nəzərə alsaq, bu qolu həm də onun günahlarını "yuyan" qol kimi qiymətləndirə bilərik.
Bürüncü əldən verməmək üçün isə "kimyaçılar"la görüşdəki qolun davamının son 4 turda da gəlməsi mütləqdir...
XANOĞLAN İMANOV

