Gözü çıxmış "qardaş"dan nümunə götürmək üçün bir fürsət

25 Aprel 2022 19:00 Zirə 688
Gözü çıxmış "qardaş"dan nümunə götürmək üçün bir fürsət

Səbr edən sonda sevinər, arzusuna qovuşar.

Böyük ehtimalla, «Zirə» bu yay avrokuboklarda iştirak edəcək.

24 tura 42 xal toplayan komanda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. İkinci sıradakı «Neftçi»dən 5 xal geri qalan «Zirə» ən yaxın izləyiciləri - «Sabah»la «Qəbələ»ni 7 xal qabaqlayır.

Qəsəbə klubunun ötən il də qitəmiqyaslı yarışlara getmək şansı var idi.

Hakimlər kubokda yollarını yarımfinalda kəsdi, çempionatda isə son tur bütün ümidləri puç etdi. Masazırda «Sabah»a qalib gəlsəydilər, vəziyyət başqa cür olacaqdı.

Bu gün «Zirə»nin taleyi öz əlindədir. Davit Volkovun qolla tanış olması Rəşad Sadıqovu ikiqat sevindirməlidir.

Gürcüstanlı hücumçu qış fasiləsindən sonra «oruc» tutmuşdu, nəhayət, ona son qoya bildi. Özü də budəfəki qol avrokubokların bir qapısını «Zirə»nin üzünə açdı.

Son dəqiqələrdə gələn qolun həzzi bir başqadır.

Volkov dünən Sumqayıtda sərgilədiyi oyunu, istəyi əvvəlki turlarda da nümayiş etdirsəydi, həm özü bombardirlər yarışında liderliyini möhkəmlətmişdi, həm də «Zirə»ni bir üst sıraya yüksəltmişdi.

Olan olub, keçən keçib. «Zirə» artıq öz yoluna baxmalı, amma arxayınlaşmamalıdır.

Gözü çıxmış «qardaş»ın – «Qəbələ»nin düşdüyü vəziyyət onlara örk olmalıdır.

«Qəbələ» də yeni ilin başlangıcında fikirləşirdi ki, artıq avrokuboklardıyıq, «boşaldılar». O «boşalma», bu «boşalma» - «Qəbələ» hələ də yerlərdə sürünür.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti