Rəşad Sadıqov: "Bu, məni qətiyyən narahat etmir" - VİDEO

21 Aprel 2022 01:50 Zirə 456
Rəşad Sadıqov: "Bu, məni qətiyyən narahat etmir" - VİDEO

Sportinfo.az xəbər verir ki, ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə komandası evdə "Neftçi" ilə qolsuz bərabərə qalan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov sualları cavablandırıb.

- Kubokun yarımfinal mərhələsinə yaraşan oyun keçdi. Hər iki komanda çox istəkli idi, səhv etməkdən qorxurdu, ehtiyat edirdi. İlk hissədə yüksək pressinq edərək rəqibin səhvə yol verməsinə çalışırdıq. Amma rəqib müdafiədə ehtiyatlı oynayırdı. Yaxşı hücumlarımız oldu. Düzdü, 100 faizli qol imkanlarımız olmadı, amma təhlükəli əks-hücumlarımız var idi ki, dəqiq ötürmə oyunun nəticəsini dəyişə bilərdi. Futbolçuların çıxışından razıyam. İstər taktiki, istərsə də özünəinam baxımından oyunu yüksək səviyyədə keçirdilər. Səkkiz gün sonra cavab oyununu oynayacağıq. Bundan əvvəl bizi çox vacib çempionat oyunu var. Həmin oyuna hazırlaşıb, daha sonra kubok matçı barədə düşünəcəyik.

- Hamidu Keytanın oyunundan razı qaldınız?

- Bəli, razı qaldım. Onun meydanda olması rəqib müdafiəsi üçün hər dəqiqə təzyiqdi. Sadəcə onun sağlamlığını düşünüb, riskə gedib meydanda saxlamaq istəmədim onu. Zədələnməsindən ehtiyat edirdim.

- Yeni mövsümdən çempionatda əvəzetmə sayının 4 olmasını dəstəkləyirsiz. Dünyada standart 3 və ya 5-di. Standartdan kənara çıxmaq nə qədər doğrudu?

- Bizim standartdan kənara çıxdığımız çox məsələlər var. Hamı 5 edirsə, bu, o demək deyil ki, biz də mütləq sayı 5 etməliyik. Amma açığını deyim mənim üçün fərqi yoxdu. Sadəcə mövsüm əvvəlində klublar tərəfindən belə təklif olmuşdu, mən də dəstəkləmişdim. Bu, heyəti geniş olmayan, kasad olan komandaya sərf etmir. Amma mənə fərqi yoxdu. Avropada elədir ki, tez-tez oynayırlar. Biz də isə finala qədər 32-33 oyun edir. Bu mənada, güzəşt olunması istənilirsə, nə üç, nə də beş, dörd idealdı. Hərənin öz mövqeyi var.

- Legioner limiti ləğv olunarsa, yeni mövsümdən Cəlal Hüseynov, Coşqun Diniyev kimi yerliləri görəcəyik komandada?

- Təbii ki, görəcəksiniz. Bugün meydanda 7 yerli oynayırdı. Halbuki meydana altı legioner buraxa bilərdim. Nadir hallarda meydana altı legionerlə çıxmışam. Məşqçi limit üzərində işini qurmamalıdı. Fərqi nədir ki, yaxşı futbolçudursa oynayacaq. Yəni, rəqabətə tab gətirib oynayacaq. Ötən mövsüm Cəlal bir çox oyunlarda limit kimi oynamamışdı. Hacıağa Hacılı da oynayırdı, Cəlal Hüseynov da. Zəruriyyətdən hansısa yaş qrupundan olan futbolçunu limit kimi oynatmaq mənə qeyri-peşəkar hərəkət kimi gəlir. Digər liqalarda, birinci divizionda, Regional liqada oynatmaq olar. Komanda sayı artdıqdan sonra da, oynamağa yer olacaq. Bu gün "Neftçi" meydana 2 limitlə çıxmışdı, amma limitə görə oynamırdılar. O qədər limitə görə oynamış oyunçu var ki, 1-2 il oynadı, indi heç yerdə yoxdu. Düzgün yanaşma deyil. Beynəlxalq arenada oynamağa başlayırsan, rəqib 11 legionerlə oynayır, amma sən heyəti həmişə 6+5 limitinə görə qurmusan deyə, çətinlik çəkirsən. Cəlal bizdə öz gücünə oynayır, məcbur yox. Yerli futbolçularda seçim baxımından çətinlik çəkirik. Tək “Zirə” məşqçisi kimi danışmıram. Bəlkə mənə sərf edərdi ki, deyim limit qalsın. Futbolumuzdakı ümumi qərarla bağlı sual verilirsə, öz mövqeyimi bildirməliyəm.

- Kubok və çempionat oyunlarında komandanı psixoloji olaraq hazırlamaq nə dərəcədə çətin olur?

- Təbii ki, iki cəbhədə mübarizə aparmaq həmişə çətindi. Xüsusilə də 4 gündən bir oynamaq. Vaxt az olur. “Neftçi” ilə burada eyni şəraitdəyik. Çempionatda isə avrokubok zonasında yer alan klub kubokda yoxdusa, üstünlük həmin komandada olur. Amma hamı kubokda iştirak edirsə, hamı üçün eynidi şərtlər. Bəzən Avropanı nümunə gətirirlər. Düzgün müqayisə deyil. Bunlar hamısı aşağı yaş qruplarından başlamalıdı. Uşaqlar orada artıq 4-5 gündən bir oynamağa öyrəşməlidi ki, peşəkar komandalarda çətinlik çəkməsinlər. Yoxsa, birdən-birə peşəkar komandalarda belə halla qarşılaşanda görürsən ki, futbolçu çətinlik çəkir. Millidə də belə olur, klubda da yaşanır. Ancaq bugünkü gündə futbolçularımız beyin olaraq kuboka yaxşı keçid etdilər. Ən vacib də bundan sonrakı oyunlardı.

- "Zirə-2" hazırda birinci divizionda son pillədə qərarlaşıb. Bu nəticə sizi narahat edir?

- Xeyr, qətiyyən narahat etmir. Çünki bu komanda ilə bağlı da düşüncələrimiz var. Keçən ildən U-19-da oynayanlar var idi ki, çalışırıq həmin komandada məhz onlar oynasın. Orada nəticəyə köklənməmişik. Bəzən məşqlərimiz olur, orada oynayan gənc futbolçuları oyuna göndərmirəm, qalır bizimlə məşq edir. Oyunlarda da iştirak edə bilmirlər. Orada da məşqçi üçün nəticə vermək çətindi. Biz orada nəticəni yox, futbolçu yetişdirməyi fikirləşirik. Sırf olaraq fikirləşirik ki, oradakı gənclər 2-3 ildən sonra əsas komandada oynamağa başlasınlar.

Xəbər Lenti