Rəşad Sadıqov: "Mən az danışıram, həmişə diqqət mərkəzində oluram, səbəbini də bilirəm" - VİDEO

10 Aprel 2022 01:00 Zirə 408
Rəşad Sadıqov: "Mən az danışıram, həmişə diqqət mərkəzində oluram, səbəbini də bilirəm" - VİDEO

"Zirə" Azərbaycan Premyer Liqasının XXII turunun oyununda səfərdə "Sabah"a 1:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məqşçisi Rəşad Sadıqov sualları cavablandırıb:

- İkinci hissədə daha baxımlı, sürətli oyunun şahidi olduq. Ümumiyyətlə "Sabah"a qarşı ilk hissədə oynamaq həmişə çətindir. Səbrli olub dəqiqələr keçdikcə bu komandaya qarşı yaxşı oyun nümayiş etdirmək olar. Biz də ehtiyatlı başladıq, onlar da. Oyun əsasən mərkəzdə gedirdi. Təəssüf ki, birinci hissənin sonunda ani diqqətsizlikdən qapımızda qol gördük. Bilirdik ki, "Sabah" standar vəziyyətlərdə çox təhlükəlidir. Qapıçımızla müdafiəçimizin anlaşılmazlığı rəqibə üstünlük gətirdi. "Sabah"a üstünlük verdikdən sonra oyunu dəyişmək asan deyil. İkinci hissədə böyük qüvvə ilə hücuma atıldıq və hesabı bərabərləşdirdik. Oyun bizim üçün pis getmirdi. Sonra müdafiədə bir səhv oldu. Bu cür səsəhvlərdən sonra belə komanda üzərində qələbə qazanmaq çox çətindir. Rəqibin heyətində bu cür usta futbolçular varsa, belə asanlıqla imkanlar yaratsan, oyunu dəyişmək çətin olar. Buna baxmayaraq komandam qoldan sonra xarakter nümayiş etdirdi. Sonrakı dəqiqələr böyük üstünlüyümüzlə keçdi. Rəqib çox yaxşı müdafiə olunurdu. Fərqlənməyimizə imkan vermədilər. Ümumən 90 dəqiqədə komandamın çıxışından razıyam. Yaxşı oyunlarımızdan birini keçirdik.

- Davit Volkov sonuncu dəfə 13-cü turda fərqlənib. Onun kölgədə qalmasının səbəbi nədir?

- Ürəksiz oynamır. Amma insanlar fərqli olur. Davit Volkov çox yaxşı insandır. Onun xətrini çox istəyirəm. Həssas insandır. Hiss olunur ki, aldığı təkliflər, milliyə dəvət alması, qol vurması, millinin aparıcı oyunçusuna çevrilməsi psixoloji cəhətdən ona təsir edib. Amma mənim üçün futbolçunun qol vurub-vurmamağı göstərici deyil. Əsas meydanda göstərdiyi performansdır. Volkov da son matçlarda, xüsusən "Neftçi"yə qarşı yaxşı oyun keçirmişdi.

- Avrokuboklara vəsiqə uğrunda mübarizədə sıxlıq yarandı. Bu komandada psixoloji gərginlik yarada bilər?

- Biz buna hazər idik, bilirdik belə ola biləcəyini. Kubok matçları da var, dörd gündən bir oyun oynayacağıq. Bu, "Sabah"ın üstünlüyü olacaq. Əgər iddialı olmaq istəyiriksə, buna öyrəşməliyik. Bir az geriyə boylansaq, görərik ki, qış fasiləsində üçüncü yerdən üç xal fgeridə idiki. Amma indi xallar qazanan bizik. Qəti şəkildə həyəcanlanmamalıyıq. Növbəti oyunlarda da inamlı çıxış etməliyik. Çox çətin qrafikə düşdük. "Qəbələ", "Neftçi" və "Sabah"la səfərdə, "Qarabağ"la evdə oynadıq. Bu oyunlarda xal itkisi gözlənilən idi. Yolumuza davam etməliyik. Qarşıda bizi "Səbail"lə çox vacib, finala bərabər oyun gözləyir.

- Hakimlərlə bağlı hər zaman çəkinmədən fikirlərinizi bildirirsiz. Belə olduqda növbəti oyunlarda hakimlər sizə qarşı daha da qərəzli olur, yoxsa özlərini düzəldirlər?

- Çətin sualdır. Mənə də şərh vermək çətindir. Keçmişdəki oyunlarda epizodlar çoxdur. Hakimlikdən danışmağın bir xeyri olsa, danışaram. Keçmişdə olub, indi nəyisə dəyişməyəcək. Önümüzə baxmalıyıq. Mənim kifayət qədər təcrübəm var. Bilirəm ki, uğur qazanmaq istəyirsənsə, psixoloji durumun yerində olmalıdır. Yalnız önümüzə baxmalı, geridə qalan neqativ hadisələri kənara qoymalıyıq.

- 19-cu dəqiqədə Təmkin Xəlilzadənin epizodunda "Rəşada gələndə qaydalar dəyişir" dediz. Bunu izah edə bilərsiz?

- Bir epizod oldu, əvvəlcə Təmkin rəqibi itələdi, hakim cərimə zərbəsi verdi. Sonra bizim oyunçunu itələdilər, amma cərimə zərbəsi təyin olunmadı. Onu nəzərdə tuturdum. Hər iki epizod eyni idi. Mən digər məşqçilərlə müqayisədə dördüncü hakimlə az danışıram. Amma həmişə diqqət mərkəzində mən oluram. Onun da səbəbini bilirəm. Xıırda bir ifadə səsləndirən kimi dərhal mənə sual verilir və ya mütəxəssislər tərəfindən şərh olunur. Amma çempionatda Qurban Qurbanovdan sonra hakimlərlə ən az danışan mənəm. 3 sarı vərəqəm var. Komandamın yanında olmaq istəyirəm. Ona görə də çox danışıb özümü yprmaq istəmirəm.

Xəbər Lenti