Rəşad Sadıqov istefa ərizəsi yazıb, futboldan gedənə kimi…

4 Aprel 2022 14:40 Zirə 1 731
Rəşad Sadıqov istefa ərizəsi yazıb, futboldan gedənə kimi…

Bir az keçər, eşidərsiz ki, Rəşad Sadıqov «Zirə»dən istefa verdi.

Daha bir müddət ötər, oxuyarsız ki, məşqçilik karyerasını bitirdi.

Onu da keçək, duyarsız ki, futboldan birdəfəlik getdi.

Rəşad Sadıqovu buna məcbur edirlər. AFFA istəmir ki, o, futbolda qalsın, məşqçilik etsin, hansısa uğur qazansın.

Ötən mövsümdən görə-görə gəlirik. Gördüklərimizin bir səbəbi var, o da budur, dağda-daşda başqa nələrsə axtarmayaq.

AFFA-nın «Zirə»ni hakimlərin əli ilə «çarmıx»a çəkməyə çalışması yalnız Rəşad Sadıqov amilindən qaynaqlanır.

Yoxsa İnqilab Məmmədov kimdir, hansı hünərin sahibidir ki, dünya futbol tarixinə düşəcək penalti qərarı ilə «Zirə»nin qələbə istəyinin üzərindən qara xətt çəksin?

Ona arxa dayanan, «ürəkli ol, qorxma» pıçıldayan kimsə var arxada. Yüz faiz var, yüz faiz! İnqilab Məmmədovun «stavka»ya qurşanması barədə hansısa informasiya bizə gəlib çatmayıb, deyək ki, hə, oyuna pul qoyuluşu edib.

O, illərin hakimidir, neçə mövsümdür fiti ağzına alaraq, Premyer Liqa oyunlarının keçirildiyi stadionları dolaşır. Bu müddətdə kifayət qədər oyun idarə edib, təcrübə toplayıb.

Müəllimi Elçin Məmmədovun can-ciyərim Ceyhun Sultanov da daha «Neftçi»də işləmir ki, ona görə belə hoqqa versin, özünü «tank»ın altına atsın.

Bu, çox «yuxarı»nın, AFFA-nın işinə oxşayır.

Ssenari tanışdır. Başqa yol və vasitələrlə «Zirə»yə xətər toxundura bilmirlər, yeganə vasitə hakimlərdir.

Heç indiyədək eşitmisiz ki, «Zirə»yə qarşı qərəzli davranan hakimlərdən kimisə cəzalandırıblar? Olmayıb, olmayacaq da.

Ta ki, Rəşad Sadıqov gedənədək.

Hansı hakim nə vaxt «Zirə»yə badalaq vurursa, qabağa çəkilir. Bunu göstərə-göstərə, nümayişkaranə surətdə edirlər, sanki acıq verirlər.

Rəşad Sadıqovun oyunun gedişində əllərini yuxarı qaldıraraq hakimə alqış etməsi AFFA-ya mesaj idi. «Sizi başa düşürəm, işinizdə olun, mən də öz yoluma baxım» mesajı.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti