“Mənim özümə nə gəlib ki, Xviçadan soruşum, ya da o mənə nəsə desin”.
Millimizin sabiq hücumçusu Badri Kvaratsxeliya ölkəmizdə legioner həyatı yaşayan həmyerlisi Davit Volkovun futbolçu bacarığı haqda fikir bildirib.
Badrinin oğlu Xviça Kvaratsxeliya Gürcüstan yığmasında “Zirə”nin hücumçusu ilə komanda yoldaşıdır. Lakin o, indiyə qədər atası ilə Davit mövzusunda danışmayıb.
Vaxtilə ölkəmizdə “Standard”, “Turan”, “Qəbələ” kimi klublarda məşqçi kimi çalışmış Kvaratsxeliya çempionatımızın hazırkı bombardiri haqda Sportinfo.az-a bunları deyib:
“Ümumiyyətlə, Xviça ilə başqa futbolçuları müzakirə etmirik. Futbol oynamışam, məşqçi işləmişəm, futbolu da əlimin içi kimi bilirəm.
Davit haqda onu deyə bilərəm ki, inadkar və işlək hücumçudur. Cərimə meydançasında hərəkət edir, “açılır”, “çərçivə”ni görə bilir.
Çox yaxşı hücumçu keyfiyyətləri var. Davitdən daha artığını almaq olar. Fikrimcə, Azərbyacanda da özünü indikindən yaxşı göstərəcək”.
2019-cu ilin fevralından ölkəmizdə çıxış edən Davit Volkov vaxtilə “Qəbələ”nin uğurları üçün tər töküb və ölkə kubokunu başı üzərinə qaldırıb. 2020-ci ilin əvvəlindən “Zirə”nin formasını geyinir.
Ötən ilin noyabrından Gürcüstan millisinə dəvət alan hücumçu yığmada 3 matçda 1 qola imzasını yazdırıb.
HƏBİB

