Rəqad Sadıqov: "Yükləniblər, yorğundurlar"

24 Yanvar 2022 13:40 Zirə 928
Rəqad Sadıqov: "Yükləniblər, yorğundurlar"

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Zirə” bu gün Antalya toplanışında son oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, qəsəbə klubu hazırlıq prosesində üçüncü matçında “Breqaniça” ilə üz-üzə gələcək.

Şimali Makedoniya təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bunadək Antalyada iki oyuna çıxan “Zirə” Macarıstan “Peç”i (3:5) və Polşa “Qurnik”i (2:2) ilə görüşüb.

Toplanışı bu görüşlə başa vuracaq “Zirə” sabah Bakıya qayıdacaq. Baş məşqçi Rəqad Sadıqov mövcud vəziyyəti dəyərləndirib:

"Futbolçular bir qədər yorğundur. Həm yükləmə olmuşdu, həm də “Qurnik”lə oyunda sonadək meydanda qalan futbolçularımız oldu. Növbəti iki gün ərzində yükləmələri azaltdıq ki, futbolçular dincəlsinlər".

Sadıqov mövsümün ikinci yarısı üçün hazırlıq səviyyələrini qiymətləndirməyin çox çətin olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, rəqiblər də çox ciddi hazırlaşırlar:

"Qarşıda daha bir yoxlama matçımız qalıb. Axırıncı görüşü də başa vurduqdan sonra toplanışı qiymətləndirmək imkanımız olacaq.

Mövsümün ikinci hissəsinin daha gərgin və daha çətin keçdiyini nəzərə alsaq, hər şeyi rəsmi matçların göstərəcəyini deyə bilərəm".

Digər Xəbərlər
Xəbər Lenti