“Benfika” azərbaycanlı istedadı nə vaxt baxışa çağıracaq?

23 İyul 2021 18:00 Zirə 1 410
“Benfika” azərbaycanlı istedadı nə vaxt baxışa çağıracaq?

U-19 yığmasının müdafiəçisi Cəlal Hüseynovun Portuqaliya səfəri yenə təxirə salınıb.

Sportinfo.az-ın məlumatına görə, 18 yaşlı gənc “Benfika”nın düşərgəsinə bu ilin sonundan tez yollanmayacaq.

Səfərin növbəti dəfə ertələnməsi sözügedən ölkədə pandemiya ilə bağlı tədbirlərin tədricən gücləndirilməsi və yaxınlarda daha sərt qapanmaların gözlənilməsidir.

Lissabon təmsilçisi azərbaycanlı futbolçunu ilk dəfə bu ilin lap əvvəlində - yanvarın ilk günlərində baxışa dəvət edib. Lakin qəsəbə klubu Cəlalı Portuqaliyanın paytaxtına göndərə bilmədi.

Buna səbəb onun viza ilə bağlı probleminin yaranmasıdır. Fransa səfirliyinə müdafiəçi üçün Şengen vizasının düzəldilməsinə görə müraciət olunmuşdu.

Məhz Şengen vizasının vaxtında hazır olmaması səbəbindən Portuqaliya səfəri alınmadı.

Bir çoxlarına maraqlı ola bilər ki, hansı səbəbdən Portuqaliyaya yollanan şəxs üçün Şengen vizasını Fransa səfirliyi verir?

Məsələ burasındadır ki, pireneylilərin ölkəmizdə daimi nümayəndəliyi yoxdur. Həmçinin Niderland, Belçika, Lüksemburq, Norveç kimi Şengen sazişi ölkələrinin də Azərbaycanda səfirlikləri fəaliyyət göstərmir.

Azərbaycan vətəndaşları adı çəkilən ölkələrə səfər etmək istəyəndə Fransa səfirliyinə müraciət etməlidir. Bu qayda Fransa, Niderland, Belçika, Lüksemburq, Norveç və Portuqaliya dövlətlərinin qarşılıqlı razılaşmalarına uyğun tətbiq olunur.

Istedadlı gəncin “Zirə” ilə müqaviləsi 2024-cü ilin yayında bitəcək. “Əlincə”nin yetirməsinin sözləşməsi ötən il artırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!