Azərbaycanlı baş məşqçi İndoneziya klubunda

4 May 2022 12:40 Voleybol 1 165
Azərbaycanlı baş məşqçi İndoneziya klubunda

Azərbaycanlı mütəxəssis Ziya Rəcəbov yenidən karyerasını İndoneziya çempionatında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, milli komandanın 40 yaşlı sabiq çalışdırıcısı qadın voleybolçulardan ibarət “Cakarta Elektrik PLN” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

2020-ci ildə Cənub-Şərqi Asiyanın ən böyük dövlətində Pertamina “Cakarta”sına Natalya Məmmədova və Odina Əliyeva ilə çempionluq qazandıran Ziya Rəcəbov 1 mövsümlük müqaviləyə imza atıb.

Son ili 5-ci pillədə bitirən komanda rəhbərliyi həmyerlimizi böyük ümidlərlə transfer edib. Onlar təmsilçimizin qarşısına əsas hədəf kimi “Cakarta Elektrik PLN”i yenidən yüksək sıralara qaytarmaq və iddialı çıxış tələbi qoyublar.

2 il öncə dünyanın ən böyük ada ölkəsində komanda çalışdıran ilk azərbaycanlı kimi tarixə düşən Rəcəbov işinə noyabrda başlayacaq.

Pertamina təmsilçisində işləyərkən milli üzvlərini komandasına transfer edən mütəxəssisin ölkə voleybolunun inkişafı üçün yenidən eyni addımı atması istisna olunmur.

Qeyd edək ki, Azərbaycan millisinin aparıcı oyunçularından olmuş Rəcəbov daha öncə “Rabitə” və “Telekom” komandalarında çalışıb.

O, Azərbaycan tarixində böyük uğur qazanmış klubla Çempionlar Liqasında və Superliqada dəfələrlə mükafatçılar sırasında düşüb.

Mütəxəssis ardınca “Azəryol”a baş məşqçi təyin olunub və debütdəcə “yolçəkənlər”i CEV kubokunda üçüncü edib.

Kişilərdən ibarət yığmada da məşqçi kimi çalışmış Rəcəbov onlarla İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub.

Çempion etdiyi Pertamina “Cakarta”sına yollanmamış Bakı “Lokomotiv”inə baş məşqçi təyin edilən Ziya bu komandanı formalaşdırsa da, müqaviləsini qarşılıqlı şəkildə pozmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti