Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 finalına yüksəlməsi böyük uğurdur.
Sportinfo.az xəbər verir ki, bunu "report"a Azərbaycanın kişi voleybolçulardan ibarət yığmasının sabiq baş məşqçisi Fərid Cəlalov deyib.
Mütəxəssis komandada son dövrlərdə ciddi yenilənmə olduğunu xatırladıb:
"Milli komandada müəyyən dövrdə baş məşqçi və heyət baxımından dəyişikliklər oldu. Keçmiş milli üzvlərinin də yer aldığı indiki kollektivi yeni komanda hesab etmək olar. Oyunçuların bir-biri ilə anlaşmasını bərpa etmək üçün vaxt lazımdır. Nəzərə almaq lazımdır ki, bu komanda qısa müddətdə formalaşdı. Baş məşqçi Faiq Qarayev əlində olan imkanlardan maksimum istifadə etdi. Ölkədəki oyunçu bazasından ən yaxşılar seçilərək komandaya cəlb olundu. Ona görə də bu nəticə maksimumdur. Faiq Qarayev dahi mütəxəssisdir və bu işləri hamıdan yaxşı bilir".
O, Azərbaycan millisinin Türkiyə yığması ilə müqayisə edilməsinin doğru olmadığını bildirib:
"Çünki rəqibin heyətində dünyanın say-seçmə voleybolçuları yer alıb və onlar bir neçə ildir eyni heyətlə böyük turnirlərdə çıxış edirlər. Millinin oyunu qənaətbəxşdən də üstündür. Voleybolçular istər Azərbaycanda, istərsə də Türkiyədə keçirilən matçda gözəl oyun nümayiş etdirdilər. Niderland, Belçika və digər komandalarla oyunlar göstərdi ki, əzmkar kollektiv var".
Faiq Qarayevin baş məşqçisi olduğu komanda Avropa çempionatının 1/8 finalında Türkiyəyə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
