"Hazırda transfer siyahımızda iki azərbaycanlı futbolçu var"

22 Mart 02:20 Türkiyə 1 432
"Hazırda transfer siyahımızda iki azərbaycanlı futbolçu var"

Türkiyənin birinci liqasında mübarizə aparan, milli komandamızın üzvü Vüsal İsgəndərlinin də formasını geyindiyi "Boluspor" rəhbərliyində yer alan Murat Çimender sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi saytımıza müsahibəsində İsgəndərli haqda danışıb.

Bununla yanaşı, o, daha bir neçə azərbaycanlı futbolçu ilə maraqlandıqlarını bildirib.

- "Boluspor" qış "transfer pəncərəsi" zamanı heyətinə Vüsal İsgəndərlini qatdı. Necə oldu ki, onunla müqavilə imzaladınız?

- Vüsalı 4 ay izlədik, bütün matçlarına baxdıq. "Enqatiya"da oynadığı vaxtlarda da onu diqqətdə saxlayırdıq. Skaut heyətimiz Albaniyaya gedərək stadiondan canlı oyununu izlədi. Sonda isə onun heyətimizə qata bildik.

- Vüsalın bu ana qədər olan performansından razısız? Yəni, gözlədiyiniz oyunu nümayiş etdirir?

- Vüsalı çox detallı şəkillə izləyirdik. Bizə nələr qata biləcəyini də çox yaxşı bilirik. Çünki dediyim kimi, onun performansını uzun müddət diqqətdə saxlamışdıq. Vüsal hər keçən gün artırır. Performansı da yaxşıdır.

- Futbolçunuz uzun müddət idi ki, normal performans nümayiş etdirsə də, Azərbaycan millisinə dəvət olunmurdu. Lakin "Boluspor"a keçdikdən sonra bu problem də həll edildi. İsgəndərli hazırda millinin düşərgəsindədir. Milliyə dəvət olunmasında "Boluspor"un da xidmətinin olduğunu düşünürsüz?

- "Boluspor" Türkiyənin böyük camiələrindən biridir. Türkiyə Superliqasında 20 ildən çox çıxış etmiş komandadan bəhs edirik. Bu mənada, "Boluspor"da oynayan futbolçuların hamısı Superliqa klublarının və digər klubların da diqqət mərkəzində olur.

- Gələcəkdə Vüsalı Türkiyə Superliqasında mübarizə aparan komandalardan birinə sata biləcəyinizi düşünürsüz?

- Türkiyə Superliqasının bizim liqamıza görə daha da səviyyəli liqa olması aşkardır. Daha öncə bizim komandamızda oynamış 10-dan çox futbolçu Superliqada oynayır. Vüsal bunu reallaşdırmaq üçün lazımı ambisiya və intizama sahibdir. Ümid edirəm ki, onda hər şey yaxşı alınacaq.

- "Boluspor" digər azərbaycanlı futbolçularla maraqlanır? Transfer siyahınızda azərbaycanlı futbolçular var?

- Hazırda transfer siyahımızda iki azərbaycanlı futbolçu var. Adlarını təbii ki, indi çəkməyəcəm. Amma onu dəqiq söyləyə bilərəm ki, hər ikisini daim diqqətdə saxlayıb, izləyirik. Nələr etdiklərinə baxırıq, skaut kollektivimiz bununla bağlı daim qeydlərini aparır.

- Bildiyim qədərilə, "Neftçi"nin və Azərbaycan milli komandasının üzvü Eddi İsrafilovu transfer etmək istəmisiz, amma maliyyə məsələlərinə görə alınmayıb. Onun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Yenidən Eddi ilə görüşəcəksiz?

- Bəli, doğrudur. Eddi ilə mövsümün sonunda yenidən maraqlana bilərik, danışacağıq. Açığı, Eddi bizim diqqətimizdə olan futbolçudur. Mövsüm başa çatdıqdan sonra hansısa yeniliyin baş verib-verməyəcəyi bəlli olacaq. İndidən bu məsələ haqda nəsə deyə bilmərəm.

- Azərbaycanlı futbolçular Türkiyədə yerli statusunda oynayırlar. Bu mənada, Türkiyə klublarının azərbaycanlı oyunçulara marağı daha da artıb. Sizcə, azərbaycanlı futbolçu Türkiyə klubunda fərq yarada bilir?

- Azərbaycanlı futbolçuların liqamıza və ölkəmizə adaptasiyası daha asan keçir. Bu mənada, onları daim izləyirik. Təbii ki, Türkiyədə fərq yarada biləcək bir çox azərbaycanlı futbolçu var. Biz daim axtarışdayıq, izləyirik.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"