Bugünlərdə "Turan Tovuz" FK-da yeni təyinat baş tutub.
Həsən Zeynalov İdarə Heyəti sədri Ehtiram Quliyevin birinci müavini vəzifəsinə gətirilib.
Həsən Zeynalov ötən mövsüm ölkə çempionu olan "Turan" Voleybol Klubunun prezidentidir.
Bu, elə-belə təyinat deyil. Zeynalov indən belə "Turan Tovuz"un fəaliyyətində yaxından, birbaşa iştirak edəcək. Sözü və puluyla.
O, Tovuzda kifayət qədər tanınan təminatlı bir ailənin nümayəndəsidir. Əsli və kökü olan nəslin mənsubudur.
Sosial şəbəkələrdə yayılan xəbərlərdə iddia olunur ki, H.Zeynalov gələn mövsüm üçün kluba 3 milyon manatdan artıq vəsait ayırıb. Həmin məbləğin yeni transfer əməliyyatlarına sərf ediləcəyi bildirilir.
Bəli, H.Zeynalov maliyyə məsələlərində Ehtiram Quliyevin əlindən tutacaq. Gerçəyə qalsa, onun ilk sezonda xərcləyəcəyi pul deyilən rəqəmdən dəfələrlə azdır.
Amma ola bilər ki, növbəti illərdə yardım paketinin miqdarını artırsın. Hər halda bütün bunlar "Turan Tovuz"un qazanacağı nəticələrdən asılıdır.
Həsən Zeynalov klubun həyatında iştirak edən yeganə fərd olmayacaq. Daha 6-7 nəfər var ki, onlar da Ehtiram Quliyevə maddi dəstək verməyə hazırlaşıb.
Hamısı rayona bağlı şəxslərdir. Kimisi dövlət məmuru, kimisi bihnesmendir.
Bir növ, "Turan Tovuz" ətrafında koalisiya yaradılması üzərində ciddi iş gedir. Tovuzun rəsmi və iş dünyasına aid simaları klubun iqtisadi dayaqlarını gücləndirmək naminə birləşib.
Həsən Zeynalovun müavin vəzifəsinə təyinatın heç də birmənalı qarşılanmadığını da deməliyik. Gənc iş adamının gəlişi iki cür yozulur və sual doğurur.
«Turan Tovuz»da müavin postunu tutacaq başqa kadr yox idimi? Bu, birinci sualdır. Nəsimi Paşayev, Səməd Nəsibov, Eltay Aslanov kimi 3 ildir bərabər çalışdığı funksionerlərdən birini o vəzifədə niyə görmür?
Ömrünü Tovuz futboluna həsr etmiş o qədər veteran var, nə üçün onlardan kimisə qabağa çəkmədi?
«Turan» voleybol üzrə ölkə çempionatının qalibidir. Tovuz klubunun bu tarixi qələbəsi rayon daxilində Həsən Zeynalovun nüfuzunu bir qədər də artırıb.
Hara gedirsən, kimi dindirirsən, ondan, bir rəhbər kimi qazandığı uğurdan danışır. Əvvəl hörməti beş idisə, məlum uğurun üzərindən bu hörmət olub on beş.
Hazırda Tovuzun futbol camiəsində belə fikirlər səsləndirilir ki, Ehtiram Quliyev müsbət imicindən yararlanmaq məqsədilə Həsən Zeynalovu yanına çəkib.
Hamının Zeynalovdan danışmasından, beləcə, onun arxa plana düşməsindən bir qədər narahatlıq keçirib. Ehtiyat edib ki, bir az da belə getsə, adını çəkən olmayacaq.
Unudulmaq qorxusu yaşamaq, adətən, Quliyev tipində biriləri üçün dəhşətli hadisədir. Bu mənada «Turan»ın başqanını ona müavin olmağa razı salmaqla bir güllə ilə iki dovşan vurması fikri formalaşıb.
Axı o, Zeynalovu yeni tanımır, əvvəldən münasibətləri var. Doğrudan da ki, onda bu perspektivi görürdüsə, nədən həmin zaman «Turan Tovuz»a gətirmirdi?
SPORTİNFO.AZ

