Nəhayət, “Turan Tovuz” 5 aylıq fasilədən sonra doğma arenaya qayıtdı.
Premyer Liqanın 10-cu turunda “Şamaxı”nı Tovuz şəhər stadionunda qəbul etdilər (2:1).
Süni ot örtüyünün təbii ilə dəyişidirilməsinə görə bölgə klubu ev oyunlarını bu mövsüm “Azərsun Arena”da keçirirdi. 161 gündən sonra öz meydanında qayıdan qərb təmsilçisinin oyunu isə göz oxşamadı.
Xalçaya bənzəyən yenilənmiş ot örtüyünün oyun başlayandan sonra futbolçulara müəyyən çətinliklər yaşatmasının şahidi olduq. Yeni salınmış qazonun qopan hissələri hər iki komandanın işini çətinləşdirdi.
Bu, bizim üçün gözlənilən idi. Qarşılaşmadan saatlar öncə saytımız xəbər yayaraq bildirmişdi ki, qazon istifadəyə tam yararlı deyil.
Burada ilk məşqə çıxan yerli futbolçular meydançanın onlarda narahatlıq yaratmasından şikayətlənib.
Ot örtüyünün dəyişdirilməsini icra eləyən “Caspian Sport and Landscape” şirkətinin direktoru Filip Şarplaz də onlarla həmfikir olub.
Britaniyalı aqronom bu barədə Ehtiram Quliyevə öz xəbərdarlığını edib. Klubun İdarə Heyətinin sədrinin diqqətinə çatdırıb ki, qazonu təhvil almağa tələsməsinlər, bir müddət gözləmək lazımdır.
Şarplaz bildirib ki, qazonun bərkiməsi üçün daha iki həftə gözləmək lazımdır. O, noyabrın ikinci yarısınadək problemin aradan qalxacağını söyləyib.
Di gəl, Quliyev adıçəkilən mütəxəssisin məsləhətini qulaqardına vurub. İcraçı tərəfin təkidləri də sədri fikrindən döndərməyib.
Əlbəttə, bu, onun növbəti səhvidir.
Qaş düzəldən yerdə vurub göz çıxarmaq buna deyirlər - 3 gündür stadiona xüsusi texnika gətirilib, əməkdaşlar aylarla gördükləri işin 90 dəqiqə ərzində puç edilməsinin mənfi təsiri altında Quliyevin səhv qərarını düzəltmək məcburiyyətində qalıblar.
Yəqin ki, o, bundan sonra bir də belə səhvə buraxmaz, işi ondan yaxşı bilənlərin ağıllı məsləhətinə qulaq asar. Özündənrazılıq nəyə lazımdır,
Filip Şarplazın doğru sözünü dinlsəydi, yenidən ziyana uğramazdı. Pulu çoxdur və xərcləməyə yer tapmır?
Yadına salaq ki, klubun nəzdində futbol akademiyası da fəaliyyət göstərir. Burada futbolun sirlərini öyrənən uşaq və yeniyetmələr, həmçinin onların müəllimləri 3 ilə yaxındır ki, köhnə pal-paltarın içində qalıb.
Nə normal geyimləri var, nə normal qidalanmaları. Adi su nədir, onun da həsrətini çəkirlər.
Ehtiram Quliyev «Şamaxı» ilə matçı Tovuza saldırmaqla nəyə nail oldu? O, qorxdu ki, 2024-cü ilin mayında qəfildən baş məşqçi postundan uzaqlaşdırdığı Ayxan Abbasovun «Şamaxı» ilə normal qazonda qarşılaşsalar, məğlubiyyətlə üzləşərlər.
«Şirlər»in Suraxanıda «Qarabağ»dan xal almasının Quliyevdə narahatlıq yaratması təbii haldır.
«Turan» doğma publika önünə dönməsini qələbəylə «yusa» da, oyunu ilə yenə sevindirmədi. Üç-beş dəqiqəyə bostana dönən qazon sağ olsun, Kurban Berdiyevi rəhbərinin yanında üzüağ etdi.
Topu ora-bura vura-vura, standart oyun epizodlarına üstünlük verə-verə, ikili mübarizələrdə topun arxasına keçməyə çalışa-çalışa hesabı 0:1-dən 2:1-yə gətirdlər və son 15-20 dəqiqədə bu nəticəni qorumaqdan ötrü kortəbii müdafiə olundular.
«Şamaxı»nın ön xətti bir qədər çevik tərpənsəydilər və qapının istiqamətini düzgün müəyyənləşdirsəydilər, 1 xalı qurtara bilərdilər.
KAMİL

