"İlk oyunum olduğu üçün müəyyən çətinliklər oldu. Ancaq ümumi götürsək mənim üçün normal oyun keçdiyini deyə bilərəm".
Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un qapıçısı Mehman Hacıyev deyib.
28 yaşlı qolkiperin Premyer Liqa tarixində ilk matçı "Sabah"la son turun oyununa (0:2) təsadüf edib.
Qarşılaşmanın 50-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Tərlan Əhmədlini məhz o əvəzləyib.
Maraqlıdır, Mehmanın heç də az yaşı yoxdur. Amma niyə bu günə qədər yüksək liqada debüt etmək ona qismət olmayıb?
Qolkiperi dinləyək: "Futbola başladığım ilk illər "Turan" Premyer Liqada idi. Sonra birinci diviziona düşdü.
O vaxtdan komandada qaldım. Birinci divizonda iki çempionluq, bir bürünc medal qazandıq.
Çox şükür komanda bu il Premyer Liqaya qayıtdı. Mən də komanda ilə davam etdim. Qismət oldu hətta debüt etmək fürsəti də qazandım".
Əslən Tovuzdan olan çərçivə qoruyucusu sonda debüt matçındaca kapitanlıq sarğısını ona həvalə edən baş məşqçi Ayxan Abbasova təşəkkür etməyi də unutmayıb:
"Baş məşqçimiz mənə güvəndiyi üçün sağ olsun. İnşallah, şans düşdükcə mən də əlimdən gələni edəcəm ki, komandaya kömək edə bilim".
XANOĞLAN

