Çətin günlər yaşayan komanda əsəb dərmanı - RESEPT

17 Aprel 2023 20:40 Turan 838
Çətin günlər yaşayan komanda əsəb dərmanı - RESEPT

Büdcələri göz oxşayan “Neftçi”ylə “Səbail” mövzusu qurtarıb, indi gündəmdə “Turan Tovuz”la Ayxan Abbasovdur.

Qərb təmsilçisinin “Kəpəz”ə məğlubiyyətindən sonra günah keçisi tapılıb. Sən demək, Ayxan Abbasov şişirdilmiş məşqçidir, təbliğat maşını işləyir, “Turan Tovuz”u uçuruma aparır və s. və i.

Abbasovun işiylə hələ ki, işim yoxdur. Bir anlıq yaxın keçmişə boylan(dır)maq istəyirəm.

“Turan Tovuz” ötən mövsüm hardaydı? Yayda hansı vəziyyətdəydi? Çempionata necə hazırlaşıb? Hansı futbolçularla güclənib? Aparıcı futbolçuların əksəriyyəti Bakını Tovuza niyə dəyişib?

Beş sualın cavabını bir cümlədə verəcəm.

Ötən mövsüm Birinci Divizionda var-gəl edən, Premyer Liqaya buraxılandan sonra büdcə təsdiqlənməsi gecikdiyinə görə çempionata düz-əməlli hazırlaşa bilməyən, hətta Gürcüstan toplanışına həkimsiz və dərmansız yollanan komanda 3-5 minlik legionerlərlə və əksəriyyəti Premyer Liqa klublarına lazım olmayan yerlilərlə gücləndi ki, bir çoxu Ayxan Abbasova görə Tovuzda oynamağı Bakıda yaşamaqdan üstün tutdu.

Və həmin komanda bu gün ölkə kubokunun yarımfinalındadır. Həmin komanda ikinci “5-liy”in lideridir. Həmin komanda turnir cədvəlində büdcədə özünü bir neçə dəfə üstələyən rəqiblərindən geri qalır.

Ayxan Abbasov şişirdilmiş məşqçidir?

Adam məşqçilik karyerasının ilk illərində “Zirə”yə bürünc medalları qazandırıb, avrokuboklara daşıdı. Adam “Sumqayıt”a da bürünc medal sevincini yaşadıb, iki dəfə ölkə kubokunun finalına daşıyıb, böyük şəhərin tək komandasının iki dəfə avrokuboklarda oynamasına şərait yaratdı. Adam bu gün də “Turan Tovuz”da böyük işlər görməkdədir.

Hə, istənilən məşqçi kimi onun da səhvləri var. Hansısa oyunda taktika seçimində yanıla, əvəzetmədə doğru qərar qəbul etməyə, oyuna müdaxiləni vaxtında və yerində etməyə bilər. Amma bütün bunlar Ayxan Abbasovun şişirdilmiş məşqçi kimi qələmə verilməsinə, yaxud “Turan Tovuz”un bərbad durumda olmasını iddia etməyə əsas vermir.

Başa düşürəm, “Turan”ı sevirsiz, məğlubiyyətləri qəbul etmirsiz. Əsəb gələndə isə adam doğma qardaşını tanımır. Hirslənəndə, dönüb bir anlıq ötən mövsümə, yayda yaşananlara və turnir cədvəlindəki vəziyyətə baxın.

İnanın, əsəbləriniz dərhal soyuyacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti