O, əsas işi gördü, bəs tərəfdar?

16 Aprel 2023 11:55 Turan 831
O, əsas işi gördü, bəs tərəfdar?

Dərd gələndə batmanla gəlir.

«Turan Tovuz»un düşdüyü vəziyyəti başqa cür təsvir etmək mümkün deyil.

Komanda düşüş içindədir. Axırıncı dəfə nə vaxt meydandan qələbə ilə ayrılıblar, bəlkə özləri də xatırlamır. İki ay olar hardasa.

Təzyiq pik həddə, dəstək isə sıfır həddindədir. Ayxan Abbasovun qarşısına «Turan»ı Premyer Liqada saxlamaq vəzifəsi qoyulub və böyük ehtimalla, o, bu tapşırığı yerinə yetirəcək.

Debütantın son 6 turda məğlubiyyətləri sıralaması, turnir cədvəlinin axırıncı pilləsinə enməsi hələ də mənə inandırıcı görünmür.

Bu mövsüm qərb derbisində ilk məğlubiyyəti dünən aldılar. Qəbələdə «Kəpəz»ə yenilgiyə layiq futbol oynamasalar da, qalibiyyət üçün ciddi nəsə etdiklərini də deməzdim.

Qırmızı vərəqədən sonra oyunu xilas etmək mümkün olmadı. Müdafiə və yarımmüdafiə xətləri arasındakı boşluqlar «Turan»ı «dişsiz» göstərdi.

Natan Oduva ilə Runi Eva günündə deyilsə, ümumiyyətlə, komandanın nəticə əldə eləmək şansı da minimuma enir. Dünən də o günlərdən biri idi.

Ayxan Abbasov bu çətin periodları ilk dəfə yaşamır. «Zirə»də də, «Sumqayıt»da da elə olub ki, həftələrlə qələbə qazana bilməyiblər.

Həmin ssenari ilə bu gün «Turan» qarşılaşıb. Abbasov əvvəlki ş yerlərində uğursuzluq zolağında ilişib qalmayıb, gec-tez oradan çıxa, yekunda istədiyi nəticəni əldə edə bilib.

Bunu «Turan»da da bacaracaq. Sadəcə, gərək Tovuz azarkeşi onun, futbolçusunun arxasında dayansın, dəstək və güvən versin.

Day bir qrup təsadüfi adamın hay-küyünə aldanıb, səbrsiz davranmasınlar. Əsl tərəfdar belə gündə bilinər.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti