“Turan Tovuz” 9 ildən sonra bu il Premyer Liqaya vəsiqə qazandı.
Tovuzun arxada qalan 9 ildə yüksək liqada komandası olmasa da, futbolu hər zaman olub.
Məsələn, davamlı birinci divizionda çıxış ediblər. Hətta çempion da olublar. Lakin Premyer Liqaya buraxılmayıblar. Ancaq, 5 yerli tərəfdarın bir araya gəlib “İstefa AFFA” dediyinə şahidlik etmişikmi? Etməmişik! Axı “Turan”ı haqq etdiyi yüksək liqadan illərdi həmin AFFA rəhbərliyi didərgin salıb.
Bundan başqa “Turan”nın bütün aşağı yaş qrupları daim öz çempionatlarında iştirak edib. Və həmin uşaqlara futbolun sirlərini də öyrədən yerli məşqçilər olub.
9 il əvvəl 7-8 yaşı olan uşağın indi 16-17 yaşı var. Bəs, hardadı bu 9 ildə yetişən həmin gənclər? Bir dəfə 5 yerli tərəfdar bir araya gəlib həmin məşqçilərdən hesab tələb edibmi? Etməyib!
Lap tələb olunubsa da qulaqardına vurulub. Əks halda bu gün mənzərə başqa olardı.
Bir sözlə, arxada qalan 9 il Tovuzda havaya sovrulub.
AFFA ayırdığı pullar, təyin etdiyi kadrlar bir işə yaramayıb.
9 ildən sonra Ayxan Abbasov bu şəhərə pənah gətirib. Həm də xahiş-minnətlə. Axı mövsümün əvvəlindəki şərtlərlə “Turan”a kim gedərdi? Sanballı məşqçilərdən heç kim!
Abasov da əvvəki illərin xətrinə, idman direktoru Nadir Nəbiyevin hörmətinə bu qərarı verdi. İşləməkdən həzz alan təcrübəli mütəxəssis bölgəyə işıqlı günlər gətirmək üçün Tovuza getdi.
Heç normal yerlilər də bu rayona getməkdə maraqlı deyildi. Ayxan Abbasovun hörmətinə Tovuzun yolunu tutdular. Arasında paytaxt klubundan gələn daha cəlbedici təkliflərə “yox” deyib “Turan”a keçənlər belə oldu.
Nəbiyevin israrla istəyi, Abasovun gəlişi və ona görə futbolçuların da “Turan”a keçidi bir-birinə bağlı zəncirdir. Biri olmasa digəri olmazdı.
“Ayxan müəllim ordadısa, deməli, hər şey yaxşı olacaq” – bu, futbolçuların dilindən çıxan ortaq cümlədir.
Yaxşı da oldu. Arxada qalan qısa müddətdə kiçik imkanlarla yaxşı komanda quruldu. Həmin kollektiv bu gün 6-cı pillədədir. Həm də büdcəsi, heyəti, infrastrukturu daha yaxşı olan “Səbail”, “Sumqayıt” kimi komandaları qabaqlayaraq.
Premyer Liqada qalmaq işi aylar əvvəl həll olunub.
Abasovun komandası bu gün ölkə kubokunda da mübarizəni davam etdirir. Finalın biraddımlığındadırlar.
Qalır bu komandaya dəstək olmaq. Böyümək, daha böyük hədəflərin izinə düşmək üçün. Həmin dəstək olunurmur? Xeyr!
Olsaydı “Şamaxı” ilə görüşdən sonra onu istefaya səsləməzdilər. Bir müddət əvvəl də oxşar narazılıq Tovuzda diqqətdən qaçmamışdı.
Hə, kimsə deyə bilər ki, bunu edən 3-5 nəfərdi. Onda lap pis. Deməli, bu addım kimlərinsə məkirli planıdır.
Bəs, həmin 3-5 nəfərdən fərqli düşünən 3-5 min həmin anda hardaydı? Niyə “istefa” şuarını beşikdəcə boğmurdular? Verəcəkləri dəstəklə. Amma vermədilər.
Hələ də gec deyil.
Tovuzlu futbolsevərlər qarşıdakı turlar, lap elə məşqlərdə belə Abasov üçün həmrəy olub, dəstək nümayiş etdirə bilərlər.
Çünki azarkeşlərlə aradakı bağ qırılsa bundan itirən Tovuz futbolu olacaq.
Axı Ayxan Abbasovu daha öncə itirən nə “Zirə”, nə də “Sumqayıt” ağ günə çıxmayıb ki, “Turan” da çıxsın.
XANOĞLAN İMANOV

