“Dəvət gözləyirdim”- Premyer Liqada 8 qol ötürməsi verən azərbaycanlı

5 Aprel 2023 20:40 Turan 1 427
“Dəvət gözləyirdim”- Premyer Liqada 8 qol ötürməsi verən azərbaycanlı

Azərbaycan millisinin heyətində sürpriz adların olacağını təxmin edənlər gümanında yanıldı.

Premyer Liqanın parlamaqda olan istedadlarından sayılan Fərid Nəbiyevlə Fuad Bayramov yığmanın mart toplanışından kənarda qaldı.

Halbuki “Kəpəz”lə “Şamaxı”nın futbolçularının çempionatdakı göstəricilərinə görə Canni de Byazinin diqqətini çəkəcəyini təxmin edirdik.

Fərid millinin heyəti açıqlanana qədər Premyer Liqada 4 qol vurmuş, 6 məhsuldar ötürmənin müəllifi olmuşdu. Fuadda bu göstərici isə müvafiq olaraq 3 və 8 idi.

De Byazi sözügedən futbolçuları oynatmasaydı belə, bu, onlarda özünəinamın artmasına səbəb olar, digər futbolçularda yığmaya dəvət baxımından ümid yaradardı.

Sportinfo.az-a açıqlama verən Fuad Bayramov məlum mövzuya münasibət bildirib:

“Milli komandada oynamaq hər bir futbolçunun arzusudur, o cümlədən mənim. Açığı, baş məşqçinin toplanışa məni də dəvət edəcəyini gözləyirdim.

Amma çağırmadısa, bir söz deyə bilmərəm. Bu, Canni de Byazinin qərarıdır və ona hörmətlə yanaşmalıyam.

Mənim işim çıxışımı davam etdirmək, çatışmazlıqlarım üzərində işləmək və gələcəyə ümidlə baxmaqdır.

Bu dəfə olmasa da, bəlkə gələcəkdə dəvət göndərər. Yığmanın formasını geyinməyi böyük şərəf hesab edirəm”.

Azərbaycan yığması AÇ-2024-ün seçmə mərhələsinin startında martında 24-də səfərdə Avstriyaya 1:4, 3 gün sonra İsveçə 0:5 hesabı ilə uduzub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti